
Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdə hökumət əleyhinə şüarlar səslənib
Bu gün Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Respublika Gününə həsr olunmuş bayram mitinqində 1000-ə yaxın insan iştirak edib. Aksiya iştirakçıları İctimai Palatanın, “Qarabağ” blokunun, Vətəndaş Həmrəyliyi partiyasının və s. iştirakçıları idi.
Onlar Azərbaycan bayraqları qaldıraraq, “Azadlıq!”, “İstefa!” şüarları səsləndirərək, əsas magistral yoldan abidəyə qədər yürüş ediblər. Mitinqdə çıxış edən Müsavat lideri İsa Qəmbər qeyd edib ki, Azərbaycan xalqı iki dəfə – 1918-ci və 1991-ci illərdə azadlıq əldə edib. “Biz üçüncü dəfə də buna nail olacağıq və demokratik seçkilər vasitəsilə hakimiyyəti xalqa qaytaracağıq”, deyə Qəmbər bildirib. Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu qeyd edib ki, hakim rejim “Eurovision” müsabiqəsini yüksək səviyyədə təşkil etməklə Respublika Gününü yaddan çıxarır. Hakimiyyət bunu qəsdən edir, çünki Azərbaycan Demokratik Respublikası (1918-1920), demokratiya və azadlıq ideyaları ona yaddır. İctimai Palata üzvü Pənah Hüseyn hakim rejimin istefasının qaçılmaz olduğunu qeyd edib. Onun fikrincə, bu, ən gec bir il ərzində dinc yolla baş verəcək. AXCP lideri Əli Kərimli Xalq Cəbhəsinin mərhum lideri Əbülfəz Elçibəydən sitat gətirib: “Azərbaycanın müstəqilliyini biz gətirdik, Azərbaycana xalqına azadlığı da biz gətirəcəyik”. Kərimlinin fikrincə, Azərbaycanda hakimiyyət qanunsuzdur. “20 ildir biz işğal olunmuş ərazilərimizi azad edə bilmirik və 40 ildir Əliyev rejimindən xilas ola bilmirik. Buna görə, qarşımızda iki vəzifə durur: torpaqlarımızı azad etmək, seçkilər yolu ilə sülalə rejiminin dəyişməsinə nail olmaq”, deyə Kərimli bildirib. Mitinqin keçirildiyi ərazidə polis qüvvələrinin cəmlənməsinə baxmayaraq, aksiya müdaxiləsiz keçirilib.
http://contact.az/docs/2012/Politics/05286084az.htm




