Rusiya Zaporojyeni vurub. Ölənlər, yaralılar var

Ötən gecə Rusiya Ukraynanın cənubundakı Zaporojye şəhərinə bir neçə raket atıb. Onlardan biri yaşayış binasına düşüb, bir neçə nəfərin öldüyü, yaralandığı bildirilir. Prezident Volodimir Zelenski hücumu pisləyərək deyib ki, “Rusiya terroru uduzmalıdır”.

Zaporojyenin meri vəzifəsini icra edən Anatoli Kurtev Telegram kanalında yazıb ki, vilayət qubernatoru Yuri Malaşko hava həyəcanı elan edəndən sonra şəhərdə altı partlayış baş verib.

Partlayışda yaşayış binasının üç, dörd və beşinci mərtəbələri dağılıb. Daxili İşlər Nazirliyi 50-dək sakinin evakuasiya olunduğunu bildirib.

“Terrorçular şəhərə, infrastruktura, yaşayış binasına – adi beşmərtəbəli binaya raket hücumları ediblər. Səkkiz mənzil dağılıb. Ölənlər, yaralılar var. Dağıntılar altında insanlar ola bilər. Fövqəladə və xilasetmə əməliyyatları gedir”, – Zelenski Facebook-da yazıb.

“Terrorçu dövlətin məsuliyyət daşıması üçün hər şeyi edəcəyik. Rusiya terroru uduzmalıdır”, – Zelenski əlavə edib.

AzadlıqRadiosunun müxbiri hücumda azı üç nəfərin öldürüldüyünü, bir neçə nəfərin yaralandığını xəbər verir.

Dnepropetrovsk, Xerson və Nikolayev vilayətlərində də hava həyəcanları verilib.

Rusiya Ukraynanın şəhərlərini mütəmadi atəş, hava zərbələri altında saxlayır, dinc sakinlər öldürülür, yaralanır, mülki və enerji infrastrukturuna böyük ziyan dəyir.

Moskva isə qanunsuz ilhaq etdiyi Krıma və Rusiyanın iki vilayətinə Ukraynanın dron hücumlarının qarşısını aldığını iddia edib.

Müdafiə Nazirliyi ötən gecə Kursk və Belqorod vilayətlərinə, Krıma hücuma keçən 28 dronun vurulduğunu bildirib. İtkilər barədə məlumat verilmir.

Ukrayna Rusiyanın bu məlumatını şərh etməyib, iddianı müstəqil təsdiqlətmək də mümkün olmayıb.

Zelenski oktyabrın 17-də deyib ki, Ukrayna bir gün öncə Rusiyanın doqquz hərbi vertolyotunu, sursat deposunu ABŞ istehsalı ATACMS sistemi ilə vurub.

Cəbhə zonasında isə Donetskdən şimaldakı Avdeyevka şəhəri ətrafında ağır döyüşlər gedir. Ukrayna qüvvələri Donetskdə Baxmut və Şaxtar istiqamətlərində Rusiyanın hücumlarını dəf etdiklərini bildirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button