
Rusiya Ukraynaya raket və dronlarla hücum edib. Xəsarət alanlar var
Dekabrın 29-da Rusiya ordusu Ukraynaya qanadlı raketlər və dronlarla hücum edib. Konotop şəhərinə zərbədən üç nəfərin yaralandığı xəbər verilir.
Sumı dairə hərbi administrasiyasının məlumatına görə, çoxmənzilli binaya, avtomobillərə, texniki xidmət stansiyasına ziyan dəyib, yanğın baş verib. Hakimiyyət zərbəni raketlərin endirdiyini bildirir.
Xarkovun meri İqor Terexov şəhərin S-300 və X-22 raketləri ilə atəşə tutulduğunu açıqlayıb. Şəhərdə elektrik təchizatı və nəqliyyatın işində problemlər yaranıb.
Lvova azı 10 dronla hücum gerçəkləşdiyi xəbər verilir. Mer Andrey Sadovıy deyib ki, kritik infrastruktur obyektində yanğın olub.
Dekabrın 29-da səhər Ukraynanın bütün ərazisində hava həyəcanı verilib. Zaporojye və Dneprdə partlayışlar olub. Ölkənin hava qüvvələri Kiyev sakinlərini sığınacaqlara getməyə çağırıb.
Dneprdə ticarət mərkəzinin, Kiyevin Podolsk rayonunda anbarın yandığı bildirilir.
Ukraynanın monitorinq kanalları Poltava vilayətində, Krivoy Roqda və Kiyev vilayətində partlayışlar, raketlərin hərəkəti haqda məlumat yayırlar.
Bundan başqa, Rusiyanın MiG-31 təyyarələrinin uçuşu haqda informasiya peyda olub. Onlar raket, o cümlədən “Kinjal” raketlərini daşıya bilər.
Beləliklə, kütləvi hücum davam edir, Rusiya hərbçilərinin buraxdığı qanadlı raketlərin çoxu Ukraynanın qərbində müxtəlif marşrutlar üzrə hərəkət edir. Bunu BBC-nin rus xidməti Ukrayna kanallarına istinadla yayır.



