Rusiya Ukraynaya dronlarla hücum edir. ABŞ-ın yardımı ilə bağlı şübhələr yaranır

Dekabrın 20-nə keçən gecə Rusiya Ukrayna ərazisinə dron hücumu gerçəkləşdirib. Bundan bir neçə saat öncə prezident Volodimir Zelenski ABŞ-ın yardımı davam etdirəcəyinə ümidini bildirib, amma hazırda bu məsələ də şübhə altındadır.

Ukrayna Hava Qüvvələri Kiyev, Odessa, Xerson və digər vilayətlərə atılan 19 drondan 18-nin vurulduğunu bildirib.

“İlkin informasiyaya görə, paytaxtda itki, yaxud dağıntı olmayıb”, – Kiyev hərbi administrasiyasının başçısı Sergey Popko Telegram-da yazıb.

Ukrayna Hava Qüvvələrinin məlumatına görə, Rusiya Xarkov vilayətini iki “yer-hava” tipli raketlərlə atəşə tutub, hücum nəticəsində itki olmayıb. Rusiya bu informasiyanı şərh etməyib.

Zelenskinin dekabrın 19-da Kiyevdə mətbuat konfransından bir neçə saat sonra bəlli olub ki, ABŞ Senatı Ukraynaya əlavə yardım və ABŞ-ın sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə paketi gələn ilin əvvəlindən tez səsə qoymayacaq. Demokratlar və respublikaçıların danışıqları davam etdirdiyi xəbər verilir.

Zelenski daha öncə demişdi ki, ABŞ-ın göndərdiyi havadan müdafiə sistemləri artıq yoldadır, avropalılar da yardımı davam etdirirlər. Amma o, Ukraynanın döyüşü davam etdirməsindən ötrü dərhal yardım gərəkdiyini vurğulayıb.

“Bizə ABŞ-dan yardım indi lazımdır. Bizə Avropa İttifaqından yardım lazımdır. Xoşbəxtəm ki, tərəfdaşlarımız bizə qulaq asaraq eşitdilər. Düşünürəm ki, tezliklə Ukraynaya yardım gələcək”, – Zelenski bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button