Rusiya öz qoşunlarını geri çəkməlidir

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin müzakirəsinə həsr olunan toplantısı keçirilib

İdarə Heyətində Fransa prezidentliyinə namizəd Valeri Pekresin beynəlxalq hüquq normalarına zidd olaraq və Azərbaycanın razılığı olmadan gizli şəkildə Laçın dəhlizindən Xankəndinə gəlməsinə ölkə başçısı İlham Əliyevin tənqidi münasibətinə Fransa və Rusiya rəsmi dairələrinin etiraz etmələri müzakirə olunub. ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın məlum etirazları Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü tanımaqdan yayınması və Xankəndinin Azərbaycanın suverenliyinə daxil olmasını şübhə altına salması kimi dəyərləndirilib və beynəlxalq aləmi bu iki dövlətin Azərbaycanın suverenliyinə təhdid yaradan münasibətlərini kəskin şəkildə pisləməyə çağırıb. Müzakirələrdə həmçinin qeyd edilib ki, Qarabağda mövcud olan Rusiya sülhməramlıları Azərbaycanın suverenliyi ilə bağlı məsələləri öz üzərinə götürə bilməz, onlar yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət funksiyasını yerinə yetirməlidirlər.

İdarə Heyəti son zamanlar Dövlət Sərhəd Xidmətində və Milli Orduda qeyri-döyüş şəraitində baş verən ölüm hadisələrindən narahatçılığını ifadə edib, baş verənləri hər iki strukturda nizam-intizamın lazımi səviyyədə qurulmadığına dəlalət etdiyini, eyni zamanda əsgərlərin və çağırışçıların mənəvi-psixoloji vəziyyətinin eləcə də döyüş hazırlığı vəziyyətinin ciddi şəkildə qiymətləndirilməsinin zəruriliyini bildirib.

İdarə Heyəti Azərbaycanı təmsil edən KVN komandasının Soçidə keçirilən festivalda “Şuşa” adından imtina etməyə məcbur olması və ikinci turda “Buta” adı ilə iştirakına da diqqət çəkib və baş verənləri Azərbaycanın milli və dövlətçilik maraqlarının dərk edilməməsinin əlaməti kimi dəyərləndirib. Qeyd edilib ki, Rusiya tərəfinin Azərbaycan komandasına Şuşa adının verilməsinə etiraz etməsi faktı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsi kimi qəbul edilməli, bundan sonra da Rusiya tərəfinin təşkilatçılığı ilə təşkil olunacaq KVN festifallarında Azərbaycan iştirak etməməlidir.

İdarə Heyəti Azərbaycan Milli Elmər Akademiyasında baş verən son olaylara da münasibət bildirib. Qeyd edilib ki, baş verən neqativ halları aradan qaldırmaq üçün həmin elm ocağında ciddi kadr və struktur islahatları aparılmalı, alim etikasının inkişaf etdirilməsi ilə bağlı əməli addımlar atılmalı, Azərbaycanda elmin inkişafı ilə bağlı dövlət proqramı işlənilib həyata keçirilməli, elmə dövlət büdcəsindən ayrılan vəsait artırılmalı və dövlət sifarişli fundamental elmi tədqiqatlar aparılmalıdır.

İdarə Heyətində Ukrayna böhranı ilə bağlı NATO-Rusiya münasibətləri ətrafında da müzakirələr aparılıb. Müzakirə iştirakçıları qeyd edib ki, Rusiyanın NATO qarşısında təhlükəsizliyi üçün irəli sürdüyü şərtlərə parallel olaraq Rusiya da öz növbəsində postsovet məkanına daxil olan dövlətlərin təhlükəsizliyinə təminat verməli, həmin dövlətlərin ərazilərində olan hərbi birləşmələrini geri çəkməli və dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmalıdır.

İdarə Heyəti İngiltərənin Rusiyanın Ukraynada hakimiyyət dəyişikliyinə cəhd etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib. İdarə Heyəti hesab edib ki, baş verənlər Rusiyanın keçmiş SSRİ respublikalarında hakimiyyət dəyişikliyində birbaşa və dolayısı ilə iştirak etdiyini və onların daxili işlərinə qarışdığını göstərir, eyni zamanda Rusiya keçmiş SSRİ respublikalarının suverenliyini pozmaq və onları inkişafdan saxlamaq və nəticə etibarı ilə həmin dövlətləri özünün imperiya maraqlarına xidmət etdirmək niyyəti güdür.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button