Rusiya aprelin 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edir-Kiyevdən etiraz

Rusiya aprelin 1-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərir. Bu, Kiyevvin etiraza səbəb olub.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, belə bir məsələ BMT Təhlükəsizlik Şurasının beynəlxalq qurum kimi iflasına işarədir.

Gecə etdiyi televiziya ilə çıxışında Zelenski xatırladıb ki, Rusiya işğalçılıq müharibəsi aparır və bu müharibə zamanı Ukraynada dinc sakinlər, o cümlədən uşaqlar ölür. O, qlobal institutlarda, o cümlədən Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bəyan edib.

“Terrorçular harasa sədrlik etməməli, terrora görə məsuliyyət daşımalıdırlar”, – Ukrayna prezidenti bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu məsələyə etiraz edib. O, Rusiyanın Təhlükəsizlik Şurasına sədrliyini “dünyada ən pis aprel zarafatı” adlandırıb. “Beynəlxalq təhlükəsizliyin bütün fundamental qaydalarını sistematik şəkildə pozan ölkə, yeganə məqsədi beynəlxalq təhlükəsizliyi qorumaq olan quruma rəhbərlik edəcək”, – ukraynalı nazir bildirib.

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Josep Borrell bu məsələyə aprelin 1-də Tvitter hesabında reaksiya verib. O bu məsələnin 1 aprel gülüş gününə çox uyğun gəldiyini bildirib.

“Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu tarixə – gülüş gününə çox uyğun gəlir. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, o, daim BMT nizamnaməsinin mahiyyətini pozur”. Borrell vurğulayıb ki, Avropa İttifaqı Rusiya tərəfindən istənilən səlahiyyətdən sui-istifadəyə qarşı çıxacaq.

“The Guardian” qəzetinin yazdığına görə, Böyük Britaniya, Fransa və ABŞ kimi ölkələr Rusiyanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurasındakı təmsilçilik səviyyəsini aşağı sala bilər. Qəzet xatırladır ki, burda boykot və hansısa etirazdan söhbət getmir.

BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkənin statusu əsasən formal xarakter daşıyır.

Təhlükəsizlik Şurasının daimi üzvləri olan 15 ölkə hər ay növbə ilə ona sədrlik edir. Bu əlifba sırası ilə baş verir. Rusiya sonuncu dəfə Təhlükəsizlik Şurasının sədri kimi 2022-ci ilin fevralında, Ukraynaya hərbi təcavüzü başladığı ayda fəaliyyət göstərib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button