
Rusiya agentlikləri Dneprin şərqində qoşunların 'yenidən qruplaşması' xəbərini yayıb, dərhal da siliblər
Noyabrın 13-də Rusiyanın TASS və “RIA Novosti” dövlət xəbər agentlikləri Müdafiə Nazirliyinə istinadla yazıb ki, “qoşunlar Dnepr çayının şərqinə doğru daha əlverişli mövqelərə dislokasiya olunur”. Ancaq bu informasiya bir neçə dəqiqə sonra silinib.
Məlumatda deyilirdi ki, “Mövcud vəziyyəti dəyərləndirən “Dnepr” qrupunun komandanlığı qoşunları Dnepr çayının şərqində daha əlverişli mövqelərə köçürmək qərarına gəlib. Ondan sonra qüvvələrin bir hissəsi azad ediləcək ki, bu da digər istiqamətlərdə hücum üçün istifadə olunacaq”.
Rusiyanın RBC agentliyi Müdafiə Nazirliyinə istinadla yazıb ki, geri çəkilmə barədə xəbər saxtadır: “Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzinin adından guya Dnepr bölgəsində qoşunların “yenidən qruplaşdırılması” barədə yalan xəbərin göndərilməsi təxribatdır”.
Silinmiş məqalələrin dili ötən il Rusiya qoşunlarının işğal olunmuş Xarkov və Xerson vilayətlərindən çıxarılmasının elanına bənzəyirdi. İşğalçı qüvvələr Ukraynanın qəfil hücumları qarşısında geri çəkilməli olmuşdular.
Bu insident Rusiya hakimiyyəti və mediasında Ukraynanın cənubundakı cəbhədə baş verənlərlə bağlı çaşqınlığı göstərir. Digər tərəfdən, son həftələr gələn xəbərlərə görə, Ukrayna əsgərləri Xerson vilayətində bir neçə yerdə Dnepr çayını keçə biliblər.
Rusiyanın silahlı qüvvələri ötən həftə iddia ediblər ki, Ukraynanın Dnepr çayının şərq sahilində mövqe qurmaq cəhdinin qarşısı alınıb.
Amerika Müharibə Araşdırmaları İnstitutunun noyabrın 13-də bildirdiyinə görə, Ukrayna qüvvələri son günlər Rusiya işğalı altında olan cənubi Xerson vilayətinin bəzi hissələrində, Dnepr çayının sol sahilində əməliyyatlarda “kiçik uğur” qazanıblar.



