
Respublikaçıların Senata nəzarəti ələ alacağı gözlənilir
Respublikaçılar partiyasının Ohayo və Qərbi Virciniya ştatlarında iki mühüm yeri qazanaraq ABŞ Senatına nəzarəti ələ alacağı gözlənilir. Konqresin aşağı palatası – Nümayəndələr Palatasındakı çoxluq isə hələ müəyyənləşməyib.
Noyabrın 5-də prezident seçkisi ilə yanaşı, Konqresə də seçkilər keçirilib. Bu iki palatada qüvvələr nisbəti təxminən eynidir və bu da ABŞ siyasətinin yüksək səviyyədə qütbləşdiyini göstərir.
Seçkiyədək demokratlar 100 yerlik Senatda 51 yerə nəzarət ediblər, dörd müstəqil senator da bu sıraya daxildir. Bu isə respublikaçıların üstünlüyü ələ keçirmək üçün iki yeri öz xeyirlərinə dəyişməli olması demək idi.
Hazırda respublikaçılar Nümayəndələr Palatasında cüzi üstünlüyə malikdir, onların 220, demokratların 213 mandatı var. Bir partiyanın palataya nəzarəti üçün 218 yerə sahiblənməsi lazımdır.
Palatadakı 435 yerin hamısı iki il müddətinə seçilir. 100 yerlik Senatın isə üçdə biri üzrə hər iki ildən bir seçki keçirilir. Yeni Konqres yeni ildən fəaliyyət başlamalıdır.
Bir siyasi partiya hər iki palataya nəzarəti ələ alarsa, qanunverici gücü əldə edir, prezidentin gündəmini ya dəstəkləyir, ya da bloklaya bilir. Konqresdə parçalanma çox vaxt siyası çıxmaza səbəb olur, hər iki partiyadan ciddi kompromislər tələb edir.



