Respublika Sanitariya-Karantin Mərkəzinin  baş direktoru, müavini və şöbə müdiri saxlanılıb

Yayımlandı: 1 May 2024 17:51

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib

Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Sanitariya-Karantin Mərkəzinin  baş direktoru Saleh Novruzi, onun müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət məsuliyyətinə cəlb olunub.

Onlar aprelin 30-da Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Mərkəzdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Rəsmi açıqlamada iddia olunur ki, mərkəzdə müayinə üçün nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarına  gigiyenik sertifikatlar verilib. Bundan ötrü sertifikatlaşma üçün mərkəzə müraciət edən adamlardan külli miqdarda pul alınıb.

Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin onlar həbs olunmayıb.

“Hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib”, – rəsmi məlumatda bildirilir.

Onların özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button