Ramiz Mehdiyevin rəhbərliyində

“5-ci kolon"un Bakı tədbiri: Güc nümayişi, yoxsa planlı təxribat

Bu günlərdə Azərbaycan elmlər Akademiyasının kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal – Cənub Politologiya Mərkəzi”“Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər – deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri – iştirak edib.

Əlbəttə, Rusiya mediası, ictimaiyyət, ekspertlərlə yaxından iş aparmaq lazımdır. Çünki istər 44 günlük müharibə zamanı, istərsə də hər dəfə regionda vəziyyət gərginləşəndə Rusiya TV kanallarında Solovyev, Baqdasarov, Simonyan və Jirinovski kimilərin Azərbaycan haqqında qərəzli çıxışları ilə həm Azərbaycan izləyicisinin ürəyini, həm də ikitərəfli münasibətləri bulandırmasının şahidi oluruq. Bu baxımdan, təbii ki, rusiyalı ekspertlərlə iş aparmaq informasiya mübarizəmizin tərkib hissəsi olmalıdır.

Amma Bakıda keçirilən tədbir bu mövzuda nəinki faydalı sayıla bilər, əksinə, “qaş düzəltmək yerinə, vurub gözü də çıxardı”.

Birinci “gül vuran” Azərbaycan XİN-nin tədbirdə iştirak edən xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadə olub. Mətbuatda gedən məlumatlardan belə aydın olur ki, diplomatımız hətta Rusiya nümayəndələrindən qabağa gedərək bir neçə qalmaqallı bəyanat səsləndirib.

P.Mirzəzadənin birinci qalmaqallı açıqlaması Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləməsi olub:

“Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçuş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.

Bu açıqlamadan bir xeyli ciddi suallar ortaya çıxır:

  • Azərbaycan Suriya münaqişəsində nə vaxtdan tərəfdir?
  • Əgər Bakı həqiqətən də Rusiyanı dəstəkləyirsə, bu tərəfkeşlik kimə qarşıdır?
  • Axı Suriyada Rusiyanın rəqibi qardaş Türkiyədir və diplomatın sözündən belə çıxır ki, biz Rusiyanın Türk əsgərinə qarşı həyata keçirdiyi hava hücumlarını dəstəkləyirik. 
  • Görəsən, cənab Mirzəzadənin ümumiyyətlə Şuşa Bəyannaməsindən, Türkiyə ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində rəsmiləşməsindən xəbəri varmı?
  • Mirzəzadə müəllim Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi “Azərbaycan münaqişəli modellərin yox, əməkdaşlıq platformalarının tərkib hissəsidir”kimi xarici siyasət kursunun da fərqində deyilmi?

Ən əsası, cənab Mirzəzadə kimin xüsusi tapşırıqlar üzrə səfiridir: Prezident İlham Əliyevin, yoxsa Azərbaycandakı “5-ci kolonu”n? Bu sual əbəs deyil. Bizi bu qənaətə gəlməyə 2 məqam vadar edir.

Birincisi, tədbirin keçirildiyi məkan. Sözügedən dəyirmi masanın AMEA-nın kitabxanasında keçirilməsi təsadüf sayıla bilməz. Zira AMEA-nın prezidenti Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri kimi tanınır və Moskvanın sifarişli tədbirləri nədənsə bir qayda olaraq məhz bu adamın təşəbbüsü və nəzarəti ilə həyata keçirilir. Yoxsa Ramiz Mehdiyevin xeyir-duası ilə keçirilən toplantı və orada səsləndirilən fikirlər Azərbaycan Prezidenti ilə onun Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan arasındakı yaxın münasibətlərə şübhə toxumu səpmək məqsədi güdür? 

Belə görünür ki, Prezident İlham Əliyevə tələ quran AMEA-nın qoca qurdları bu nüansları nəzərə alıb Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmə missiyasını həyata keçirməyi P.Mirzəzadə müəllimin çiyinlərinə yükləyiblər.

İkincisi, tədbirin iştirakçıları və təşkilatçılarının siyahısına diqqət yetirdikdə bu qənaətə gəlmək olur.

Dəyirmi masada Trend-in baş redaktoru Emin Əliyevdən tutmuş, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədova, “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə, CBC telekanalının baş direktoru Vüqar Xəlilov, xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadəyədək ölkənin tanınan simaları tədbirdə hazır olublar.

Lakin Bakıda keçirilən tədbirdə iştirak edənlərin əksəriyyətinin adı bir qədər əvvəl Rusiya hakimiyyəti ilə bağlı qalmaqallı ifşa materialları ilə məşhurlaşan “Dossier.center” saytında Rusiya xüsusi xidmətlərinin Azərbaycandakı potensial “5-ci kolon” siyahısında hallanıb  (https://dossier.center/azerb/). Bu siyahıda tədbirin təşkilatçısı olan “Baku Network” Politoloji mərkəzinin müdiri Gülnarə Məmmədzadə, bu Mərkəzə, eləcə də Trend İnformasiya Agentliyinə nəzarət edən İlqar Hüseynov da, CBC telekanalının baş direktoru Vüqar Xəlilov da daxildirlər.

Düzdür, bu insanlar həm də ölkədə “rusdilli ictimaiyyət” kimi tanınan zümrənin aktiv simalarıdır və Rusiya ilə münasibətlərdə fəal olmaları təbiidir. Amma rusca danışmaq  və ya Rusiyanı tanımaq, bu ölkə ilə əlaqələrin olması axı şimal qonşumuzla münasibətlərdə milli maraqlarımızı unutmağa əsas vermir. 

  1. Tədbirdən Rusiyanın ermənipərəst dairələrinin cavabını vermək üçün istifadə edilməsi əvəzinə, Azərbaycan-Türkiyə, eləcə də Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salan bəyanatlar platformasına çevirilməsi isə tədbirin məramlarının fərgli olduğunu nümayiş etdirir.
  2. Bu tədbirin qaranlıq məqsədləri barədə şübhəyə əsas verən başqa bir məqam Rusiyadan təşrif buyuran bəzi “ekspertlərin” kimliyidir.
  3. Məsələn, tədbirin əsas çıxışçılarından biri Anton Bredixin olub. Bredixin tədbirdə tarix elmləri namizədi və “Arxont” jurnalının baş redaktoru kimi iştirak edib. Əslində isə Bredixin Donbas separatçılarının yaxın dostu, LNR-in (Luqansk Xalq Respublikası) separatçı başçısı tərəfindən tanınmamış respublikanın medalı ilə təltif edilmiş birisidir. Rus Donbas Kazak birləşmələrin ataman müşaviri olan, post sovet məkanında açıq-aşkar separatizmi dəstəkləyən bu adam illər ərzində separatizmdən əziyyət çəkmiş Azərbaycanın hansı maraqlarını müdafiə edəcək? Qarabağda separatizmi yenidən xortlatmaq istəyən Solovyev, Baqdasarov və simonyanların önünə hansı arqumentlər qoyacaq?

Əksinə, belə adamların Bakıya rəsmi tədbirə dəvət olunması belə ziyanımızadır. Sosial şəbəkələrdə Bredixinin Bakı səfərini alqışlayan Rus jurnalisti Kuznetsov ironiya ilə “Yaxın vaxtlarda Bakıdan Krımın Rusiya olduğunu, Donetsk və Luqanskın isə müstəqilliklərinin tanımasını gözləyirik” yazmışdı. Yəni burada birincisi, Azərbaycan-Ukrayna münasibətlərinə təxribat var. Ən əsası isə belə şəxslərlə əməkdaşlıq Azərbaycanın separatizmlə mübarizə kimi prinsipial siyasi xəttinin gözdən salınmasına hesablanıb.

Nəticə etibarilə Azərbaycandakı 5 kolonun aparıcı simasının nəzarəti altında təşkil olunan və aktiv “5-ci kolon” nümayəndələrinin iştirak etdiyi bu tədbirdə dövlətin imicini zədələyəcək şəxslər təmsil olunub.

Burada məqsəd nə ola bilər?

Birincisi, belə tədbirlər “dəlinin quyuya daş atması” prinsipinə hesablanıb. Tədbirdə səslənən sərsəm bəyanatlar nə qədər primitiv görünsə də, bu cür bəyanatlar ölkəmizin xarici əlaqələrinə qarşı bir təxribatdır. Bu cür bəyanatların özü də rəsmi şəxslərin dilindən səsləndirilməsi Türkiyə və Ukrayna kimi ölkələrlə münasibətlərimizə kölgə salmaq, müttəfiq və tərəfdaşlığımıza xal salmağa xidmət edir.

İkincisi, tədbirdə artıq beynəlxalq mətbuatda belə ifşa edilmiş “5-ci kolon” nümayəndələrinin aşkar iştirakı, onların fəallığını Azərbaycan cəmiyyətinə sırımaq kimi də qiymətlindirmək olar. Bu mənada belə tədbirlər cəmiyyətin nəbzini yoxlamaq məqsədilə keçirilən test hesab oluna bilər.

Nəhayət, bu cür tədbir Azərbaycan üçün həssas bir məqamda keçirilir. Məlumdur ki, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə ölkəni tamamilə yeni regional oyunçu statusuna yüksəldib. O da sirr deyil ki, indi bizimlə düşmənçilikdən hələ də imtina etməmiş Ermənistan bir yana, Azərbaycanın bu yeni roluna qısqanclıqla yanaşan Avropa, elə həmin Moskva da ölkəmizə qarşı müxtəlif təzyiqlər etməkdən vaz keçmir.

Eyni zamanda onu da unutmaq lazım deyil ki, Rusiyanın bölgədəki rolu və bu roldan irəli gələrək Azərbaycanın indi Rusiyada və rusdilli məkanda informasiya mübarizəsini uğurla aparmaq zərurəti artıb. Bütün bunları nəzərə aldıqda rusiyalı ekspertlərlə nə qədər “ciddi iş” aparılsa bir o qədər ölkənin maraqları üçün faydalıdır. Lakin bu tədbirlərə və ümumilikdə təbliğat işinə yanaşma sağlam əsaslı olmalıdır. Bu cür tədbirlər Azərbaycanın mövqeyi və maraqlarını təmin etmək, dövlətin və cəmiyyətin mesajlarını çatdırmağa xidmət etməli, ölkəmizə qarşı təxribat meydanına çevrilməməlidir.

 

İntiqam Adiloğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button