
Ramazanın ilk günü Qəzzada azı 67 fələstinli öldürülüb
Martın 11-də Qəzzadakı fələstinlilər Ramazan ayında oruc tutmağa başlayıblar. Budəfəki orucluq ayı regionda humanitar böhranın və aclığın dərinləşdiyi, İsrailə təzyiqin artdığı bir vaxta təsadüf edir.
Birləşmiş Ştatlar, Qətər və Misir bu ayda atəşkəs əldə olunacağına, israilli girovlar və fələstinli məhbusların buraxılacağına ümid edirdi. Ancaq ötən həftə atəşkəs danışıqları dayandı.
Qəzzanın səhiyyə nazirliyi bildirir ki, son 24 saat ərzində xəstəxanalara İsrailin zərbələrindən həlak olmuş 67 nəfərin meyiti aparılıb. Bununla da müharibə başlayandan öldürülən fələstinlilərin sayı 31 min 112 nəfərə çatıb. Nazirlik ölənlərin neçəsinin dinc sakin, neçəsinin döyüşçülər olduğunu dəqiqləşdirmir, onların üçdə ikisinin qadınlar və uşaqlar olduğunu bildirir.
Qəzzada müharibə ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlanıb, min 200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. HƏMAS-ın əlində 100-dək girovun qaldığı güman edilir.
Beş aydır davam edən müharibə nəticəsində Qəzzanın 2.3 milyon əhalisinin 80 faizə yaxını evlərindən didərgin düşüb, yüz minlərlə insan aclıq həddinə yaxınlaşıb.



