
Rafiq Tağıya görə Azərbaycan kompensasiya ödəyəcək
İyulun 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan olan yazıçı, publisist Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.
Hüquqşünas Xalid Ağalıyevin verdiyi məlumata görə, AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.
R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkar(lar)ın müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd etmişdilər.
Qərara, hələlik, Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
R.Tağı 2011-ci il noyabrın 19-da Bakıda evə gedərkən bıçaqlanıb, bundan bir neçə gün sonra xəstəxanada vəfat edib.
R.Tağı hələ 2006-cı ildə “Avropa və biz” məqaləsini dərc etdirdiyinə görə həbs də olunmuşdu. O, dini ədavəti qızışdırmaq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2007-ci ilin dekabrında əfv aktı ilə azadlığa çıxmışdı.
2011-ci ildə o, “İran və qlobalizmin labüdlüyü” məqaləsini dərc edib. Bundan sonra iranlı ayətullahlardan birinin onu Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandıraraq öldürülməsinə fətva verdiyi barədə məlumatlar yayılmışdı. Amma sonradan həmin ayətullahdan belə məlumatlara münasibət alan olmamışdı.
Həmin il noyabrın 19-da küçədə naməlum şəxs ona bıçaqla bir neçə zərbə vurub və cinayət yerindən qaçıb. Bu cinayət açılmamış qalıb.
İranın rəsmi qurumları bu qətldə bağlantılarının olması ilə bağlı yayılan iddiaları təkzib ediblər.



