
Qubad İbadoğlunun siyasi fəaliyyətinə fasilə verildiyi açıqlandı
Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırıb, sədri Qubad İbadoğlu isə siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.
Bu barədə ADR-dən məlumat verilib.
Qeyd olunub ki, bu barədə qərar mayın 14-də ADR İdarə Heyətinin toplantısı zamanı verilib.
ADR-dən partiyanın fəaliyyətinin dayandırılmasının səbəbi onun “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun qeydiyyata alınmaması ilə əlaqələndirilib.
Qubad İbadoğlunun siyasi fəaliyyətinə fasilə verilməsi isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki problemlər göstərilib.
Hələlik, açıqlanan qərarlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb.
Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib, sənədlər həmin il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Amma nazirlik həm onda, həm də daha sonra bir neçə dəfə partiyanın qeydiyyatından imtina edib. Buna səbəb kimi ADR-in öz nizamnaməsində seçkilərdə iştirakla bağlı əsasları göstərmədiyi vurğulanıb. Partiyadan isə bu izah əsassız sayılıb.
Azərbaycanda ötən ilin əvvəlində “Siyası Partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Yeni qanuna görə, qeydiyyatsız fəaliyyət göstərən partiyaları cəzalar gözləyir.
Azərbaycanda həmin qanunun qəbuluna qədər 50-dən çox partiya olub. Onların təqribən ancaq yarısı təkrar qeydiyyatdan keçib.
Qubad İbadoğlu ötən il iyulun 23-də həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub.
Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.
O, aprelin 22-də ev dustaqlığına buraxılıb.
Müdafiə tərəfi hesab edirdi ki, İbadoğluna verilən ittihamlar əsassızdır və üstəlik, onun səhhəti həbsdə saxlanmasına imkan vermir.



