Qızıl Aypara Xankəndinə un göndərdiyini deyir

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, Xankəndidə yaşayan erməni əhalisinə humanitar yardım göndəriblər. Bu barədə qurumun sədri Novruz Aslan məlumat verib. Onun sözlərinə görə, bu ilkin yardımdır və 40 ton undan ibarətdir.

O, həmçinin qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə humanitar vəziyyəti qiymətləndirməyə hazırdır və bu, baş tutarsa, digər ləvazimatların da göndərilməsi mümkündür.

Humanitar yardımın Ağdam-Xankəndi yolu vasitəsilə göndərildiyi bildirilir.

Bundan əvvəl Ermənistanın da Xankəndiyə 361 ton humanitar yardımın göndərdiyi barədə məlumat yayılmışdı. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, yardım Laçın yolu vasitəsilə göndərilib. Lakin Azərbaycanın həmin yardımı buraxmaqdan imtina etdiyi, yük dolu maşınların iki ölkənin sərhədində qaldığı açıqlanıb. Azərbaycan isə Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini vurğulayıb. Rəsmi Bakının bildirməsinə görə, qarşı tərəf bundan, hələlik, imtina edib.

Ermənistan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, onlarla Qarabağ arasında vasitə kimi 2020-ci ilin üçtərəfli bəyanatında yalnız Laçın dəhlizindən bəhs edilir.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button