
“Qızıl Amnistiya” gəlir: “15 min məhkuma şamil olunacaq…”
Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.
Bu barədəXural.com-a daxil olan xəbərə görə, İkinci Qarabağ Müharibəsində qazandığımız Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı 15 mindən çox məhkumu əhatə edəcək.
Hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib.
Layihədə qeyd olunub ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan şəxslər, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkuş edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcək.
Layihə yaxın günlərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə göndəriləcək.
Layihənin təşəbbüskarının ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu bildirilir.



