
QARŞIDURAN DƏYƏRLƏR
Nədən bu qədər kin?!
Axı, mən neyləmişəm?!
Prezident Administrasiyasının rəhbəri Ramiz Ənvər oğlu Mehdiyevə
I Açıq məktub
Elə ilk gündən hamının sualı bu idi: “Sən hara, Ramiz Mehdiyev hara? Nə yazıbsınız ki?”
Elə ilk gündən verdiyim cavab bu oldu: “Vallah heç özüm də bilmirəm. Hər halda incitmişik”.
Həbs olunana qədər elə də bildim. Ciddiyə də almadım o qədər. Hətta bir az da onur duydum. Dövlətin ən güclü məmuru məni seçmiş, azad mətbuatın ünvanı olaraq məni göstərmiş, əsas dərdinin “Xural” olduğunu bəyan etmişdi. Burada yadırğanacaq bir şey də yox idi. Mən məhkəmə dövründə – 11 aylıq “sınaq müddəti”ndə də elə hiss etdim. O məşhur sualı məndən soruşanlara yenə elə cavab verdim. Özüm də maraqlı idim, özümə də maraqlı idi. Doğrudan da nə baş vermişdi ki? Nəticə nə baş verdiyini mənə də göstərməli idi. Mən də bilməli idim ki, ölkənin ən qüdrətli məmurunun xətrinə niyə və nə üçün, harada və necə dəymişəm?
Bu “zarafat”ın nə qədər “ciddi” olduğunu 9 illik ağır məhkəmə hökmündən sonra, deyəsən, anlamaqdayam. Deyəsən axı, bu, zarafata oxşamır. O zaman əməlli-başlı Sizinlə dərdləşmək, nələr baş verdiyinə aydınlıq gətirmək zamanıdır. Bunun üçün ən yaxşı yol birbaşa özünüzə müraciət etməkdir. Necə ki, mən özümə aid olan hər şeyə cavab verə bilirəm, guman ki, Siz də eləsiniz. Nə də olsa, qos-qoca bir dövləti idarə edirsiniz. Elə ikinci də sizsiniz – elə birincinin birincisi də… Belə görünür…
Ən uyğun zaman da təbii ki, dünyamıza gəldiyiniz tarixin 75 illiyi olmalı idi və bu tarixi də seçdim. Hər halda bir növ mənim 9 illik həbsim də yanılmıramsa, sizin 75 illiyinizə olunan bir ərməğandır. Çox qarışıq və təlatümlü keçən bu gərgin günlərinizdə Sizə sadiq olanlarla birlikdə Elşad Abdullayevin dalbadal gələn video bombardmanlarından və bütün səylərinizə baxmayaraq, qoruya bilmədiyiniz artıq ağlayan Gülər Əhmədovanın həbs qərarının şokundan ayılmaq üçün mənim üzərimdə qələbə marşı elan etdiniz. E.Abdullayev və G.Əhmədova zərbələrindən qəzəb mənim başımda çatladı və sözçünüz Zahiz Orucun o dəhşətli xəbərdarlığını xatırladım: “Ramiz Mehdiyevin qisası çox amansız olacaq”. Hə, artıq mən onu hiss etdim.
Məni 18 ay bundan əvvəl günün-günorta çağı oğurlatdınız. 18 aydır Bakı İstintaq Təcridxanasında girovluğunuzdayam. Dərd etmirəm. Tarixdən Bamsı Beyrəyin də Şöklü Qara Məlik tərəfindən oğurlanaraq Bayburt qalasında 16 illik əsirlik tarixini bilirəm. Amma Siz axı, Şöklü Qara Məlik deyilsiniz. Heç mən də Bamsı Beyrək deyiləm. O zaman bu çilə nədən?
Dəyərlərdəmi toqquşuruq? Ola bilər. Mən ömrümü milli-mənəvi dəyərlərə həsr edən bir yazaram. Bəlkə problem buradadır? Sizin bütün arsenalınız 14 Fevral -Valentin Gününə “ləbbeyk” deyəndə, mən 30 İyun üçün müharibə aparmışam. Bəlkə bu Sizə dərd olub? Biz ölkəni namuslu insanlara təslim etmənizi istəyərkən, Siz bizi belə adamlara tamarzı etmisiniz. Bəlkə budur mənə qəzəbin sirri?!
Ən azından, Siz bütün Azərbaycan mətbuatını özünüzə təslim edərkən, satın alarkən, ən “radikal” həmkarlarımızı belə sıradan çıxararkən, mən müstəqil mətbu hakimiyyət – 4-cü hakimiyyət uğrunda yorulmadan mübarizə aparmışam. Bəlkə səbəb budur? Bilmirəm. Onu bilirəm ki, memarlarından birinin Siz olduğunuz rejim Azərbaycanı o hala gətirib ki, buradan o tərəfi uçurumdur. Xatırlayarsınız, mənimlə danışığa göndərdiyiniz nazir-generalınıza da belə demişdim. Siz dediklərimdən nəticə çıxarmaq, ölkəni xilas etmək əvəzinə, təsirinizdə olan bir deputatla məni şərlədiniz və prezidentdən – ona yalan məlumatlar verərək razılıq alıb həbs etdirdiniz. Yox, Şöklü Qara Məlik kimi yox, amma təxminən həmin üsulla məni öz “Bayburt” qalanıza əsir gətirdiniz. Burada qarşılaşdığım iki əsir-məhbusdan biri Sizin sayənizdə buradadır. Millətin genefondunu dağıdırsınız, döyüş və savaş qabiliyyəti olan, ölkənin həyatında iştirak edəcək nəsil “Bayburt”dadır, xəbəriniz varmı?
Siz idarəetməsinə istiqamət verdiyiniz prezidentlə hara baxırsınız? Buradan uçurum elə görünür ki… Onun elə dəhşətli mənzərəsi var ki…
Şəms Təbrizli ilə Mevlana, Mikoyanla Stalin,
yoxsa İnönü ilə Atatürk?..
Mən İlham Əliyevlə Sizin münasibətlərinizin hansı səviyyədə olduğunu bilmirəm. Ölkəni də qapalı tipli həbsxanalar kimi idarə etdiyiniz üçün münasibətləri yalnız təxmin etmək qalır. Siz Təbrizli Şəms, İlham Əliyev Mevlanadırmı? Ya Sizə Mikoyan, ona Stalin demək olarmı? Yaxud birinizi İsmət İnönü, digərinizi Atatürk kimi qiymətləndirmək mümkündürmü? Oxşamır. Təbrizli Şəms o boyda Mevlananı meyxanəyə şərab dalınca göndərmişdi. Amma bu, Mevlananı alçaltmaq üçün yox, ucaltmaq üçün olunmuşdu.
Mikoyan da Stalinə yalan sata bilməzdi. Stalini aldatmaq o qədər asan məsələ deyildi. Elə onun üçün də öləndə belə qorxularından bir neçə gün ona yaxın gələ bilmədilər.
İnönü ilə Atatürkə də bənzərliyiniz azdır. Onlar Ankaraya qədər gələn 7 düveli darmadağın etmiş, əl-ələ böyük bir Türkiyə meydana gətirmiş, işğalçını mənzilinə qədər qovmuşdular.
Bilirəm, zaman da o zaman deyil, amma axı tarixdən ibrət dərsi götürmək, heç olmasa Təbrizli Şəmsin Mevlananın taleyində oynadığı rolu bizim gənc prezidentin ömründə oynamaq və millətə-dövlətə yararlı olmaq olar. Heç olmasa, heç olmasa İnönülük etmək mümkündür.
O da olmasa Ağ Şəmsəddin olmaq olar. Ya da Nizamülmülkün “olur”larını götürmək caizdir. Həm də yaşınız ona müsaiddir. 24 yaşınız yoxdur ki, Sizə “Fatihin İstanbulu fəth etdiyi yaşdasan” deyib öyəm, ya da 57 yaşında deyilsiniz ki, bəslədiyiniz bu boyda nifrət və qəzəbin səbəbini anlayam. Siz elə bir yaşdasınız ki, mən baş verənləri anlamaqda çətinlik çəkirəm. Ona görə də Sizi və hörmətli İlham Əliyevi tarixin bir örnək masasına oturtmaq istəyirəm. Tapa bilmirəm. Alınmır. Nədən öz doğma vətəndaşlarınıza bu qədər əzab və iztirab verirsiniz? Axı insan öz millətindən olanlara bu qədər iztirab verməz?!
Qardaş deyilikmi?
Mən zaman-zaman bu mövzularda Sizinlə dərdləşəcəyəm. Təbii ki, çox sevdiyiniz Şah İsmayıl və onun Lələsi haqqında da, lap elə Napoleon və Taleyran barədə də, elə Hitler və Himmler haqqında da danışa bilərik. Onların etdiklər ilə Sizin etdiklərinizi müqayisə də edə bilərik. Olsun. Ancaq bir filosof və elm adamı olaraq mənə qarşı hikkənizin və qəzəbinizin kökünü ayırd edəndən sonra. Niyə? Bu qədər əzab, iztirab, işgəncə niyə? Bir səbəbi olmalıdır, axı?
Qəzetimizin 9 ilitamam olankimionubağladırsınız. 10 minmanatlıqinzibatiamirlikmetoduilə cərimələtdiyinizhalda, bütün əmlakımızımüsadirə etdirirsiniz. Qardaşımı, dayımoğlunuvə Anamı işdən çıxartdırırsınız. MəniAtamın öldüyü gün – 28 oktyabrda, öldüyü saatda – 17.07-də həbsetdirirsiniz. Haqqımdahökmü millətimizin ən əzizgünlərindənbirində, Çərşənbə axşamı – Novruzbayramı öncəsində – 12 martdaverdirirsiniz.
Bütün bunlar təsadüfi ola bilməz, hörmətli Akademik! Heç təsadüfi ola bilməz. Mən sadəcə bunun səbəblərini bilmək istəyirəm. Məsələ azad sözdürsə, müstəqil mətbuatdırsa – deyin, bilək. Yox işin içində başqa bir iş varsa – bax ondan mənim xəbərim yoxdur. Mən məşhur lətifədə olduğu kimi “siqnalımı vermişəm, əyləcimi də basmışam”. Siz niyə əyləcinizi basmırsınız, maraqlıdır. Yəni məsələ sözdürsə, yazıdırsa, həqiqətən Sizi incitmişiksə və Siz onun davasını edirsinizsə, biz bunu həll etmişik. Zamanında təkzibimizi verib, üzrümüzü istəmişik. Bu qədər kin niyə? Yoxsa bir millətin övladı deyilik? Bəlkə ayrı-ayrı millətlərin övladlarıyıq?
Ədalət beləmi olur?
Həbsiminvə girovluqda saxlanmağımın şəxsi təşəbbüskarı və sifarişçisi birbaşa Sizsiniz. Məni şəxsən Sizin sifarişinizlə əsir götürüblər. Şəxsən Sizin tapşırığınızla deputatınız və uğruna bütün Azərbaycanı atəşə verməyə hazır olduğunuz xanım Gülər Əhmədova üzümə durub. Şəxsən Sizin göstərişinizlə şöbə müdiriniz Əli Həsənov “üzəduranlar komandası” formalaşdırıb, şəxsən Sizin sərəncamınızla tabeçiliyinizdə olan Korrupsiyaya qarşı Mübarizə (guya) İdarəsi məni həbs edib. Mənim həbsimə şəxsən özünüz imza atıbsınız. İşimi başından sonuna kimi şəxsən izləyibsiniz və bəzi məhkəmə iclaslarını canlı seyr edibsiniz. Prokuror hökmü oxuyan ərəfədə şəxsən Baş Prokuror Zakir Qaralova “maksimum cəza tələbi” tapşırığını veribsiniz. Hökm martın 11-də oxunmalı ikən, prezidentin ölkədə olmadığı günə – martın 12-nə də Sizin şəxsi tapşırığınızla keçirilib. Siz digər qaranlıq işləriniz kimi, mənim hökmümü də çox sevdiyiniz prezidentinizin burada olmadığı günə salıbsınız.
“Xural” tam 9 il çıxıb – mənə tam 9 il cəza verdiribsiniz. Üzərinizə gələn bütün bu dalğalara görə mənimi günahkar bilibsiniz? Siz filosofsunuz – hansı fəlsəfi nəzəriyyəyə əsaslanaraq hesab edibsiniz ki, bir insanı, yazarı, qəzet redaktorunu belə cəzalandırmaq olar?
Yəqin unudubsunuz, ya da Sizə elə məlumat veriblər ki, zənn edibsiniz, mən sadəcə bir adam deyiləm. Axı mən bir adamam. Bir qəzet çıxarıram. Mən Sizin 10 qəzetinizə qarşı duruş gətirə bilərəm, tutaq ki, lap uzağı 20 qəzetinizlə tiraj və nüfuz savaşı apara bilərəm? Mətbuat adına yaradılan, ancaq mətbuatı qətl edən və namuslu qələmlərin sındırılma mexanizminə çevrilən bir, olsun iki qurumunuzla savaşa və onlara qalib gələ bilərəm. Mən səlahiyyətlərini ələ keçirdiyiniz dövlətlə savaşa bilmərəm ki!
Haqsız yerə insanların üzərinə gedərək, Onlari dövlətlə savaşmağa təhrik edirsiniz. İnsanları adekvat olmayan güc tətbiqi ilə əzib-əzib toza çevirmək istəyirsiniz. Ədalət mülkün və dövlətin təməlidir. Sayənizdə ölkədə artıq ədalət yoxdur. Nə qədər təhlükəli və ağır bir yolda olduğunuzun fərqində deyilsinizmi? Bunu görmək eləmi çətindir?
Martın 12-də, mənə 9 illik cəza köynəyi geyindirəndə – elə Ağır Cinayətlər Məhkəməsindəcə çox hörmət etdiyim bir adamdan maraqlı bir mesaj aldım. Adam heyrətlər içərisində soruşurdu: “Axı, Əvəz Zeynallı nə edib ki, bu adam sakitləşmək bilmir? Bəlkə nəsə bir şey var”. Məsələnin çox ciddi olduğunu bilirdim artıq. Ona görə də həqiqəti söyləməyə qərar verdim və söylədim: “Vallah-billah, mən heç nə bilmirəm. Heç nədən xəbərim yoxdur”. Həqiqət elədir. Nə baş verir, cənab Akademik? Niyə bu qədər qəzəbli və hirslisiniz? Sizi kim bu hala salıb? Məni sözün üstündə tutdurubsunuzsa, niyə şərlədirdiniz, deyilsə, o zaman nədir?
3377 gün bir şey deyil. Sizə bu məktubu yazanda onun 519-cu günündə idim. Deməli, 2858 gün də gəlib keçəcək. Olsun. Ancaq mən səbəbi bilmək istəyirəm. Və o ümidlə də Sizdən cavab gözləyirəm. Başıma açdığınız bütün oyunların bir səbəbi olmalıdır. Bəlkə Sizi də aldadıblar? Bəlkə qarışdırıbsınız? Bəlkə doğru informasiya verməyiblər? Deyə bilərsinizmi?
Axı mən Sizə nə etmişəm?!
İ.S. (imzadan sonra) Az qala unutmuşdum – axı Sizin 75 yaşınız tamam olur və mən onu heç təbrik etmədim. Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə indən sonra tam şüurlu, ağlı üstündə və sağlam olmaq şərtilə daha 100 il ömür arzulayıram. Çox şey var ki, Siz onları öz gözlərinizlə görməlisiniz. İlahi ədalətin əmri kimi…
İ.İ.S. Sizə məktublarım davamlı olacaq. Heç olmasa 9 ədəd…
“Xural” qəzetinin “Bayburt qalası”nda
saxladığınız əsir və girov baş redaktoru
Əvəz Tapdıq oğlu Zeynallı
/strong




