Qarabağ Komitəsi bəyanat verdi – Lukaşenkonun açıqlamaları ilə bağlı

Bu gün Qarabağ Komitəsinin fövqəladə toplantısı keçirilib. Xural.com-a Komitənin mətbuat xidmətindən bəyanat daxil olub. Qarabağ Komitəsinin Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Qarabağ açıqlamaları ilə bağlı bəyanatında deyilir:

 

“Belarusiya Prezidenti Aleksandr Lukaşenkonun Rusiya Federasiyası media quruluşları nümayəndələri qarşısında 14 dekabr 2018-ci il tarixli görüşündə Qarabağ məsələsi barədə açıqlamaları Azərbaycan cəmiyyətində həyəcan və ciddi narahatlıq doğurub. Qeyd olunan açıqlamadan belə çıxır ki, Azərbaycan Ermənistanın silahlı qüvvələrinin işğal etdikləri beş rayondan (Ağdam, Fizulu, Qubadlı, Zəngilan, Cəbrayıl) çəkilməsi əvəzində Kəlbəcər və Laçın da daxil olmaqla keçmiş Dağlıq Qarabağ ərazilərinin təhvil verilməsinə, Azərbaycan ərazisinin işğal altında qalan hissəsi ilə digər ərazilər arasında Rusiya (Belarus) qoşunlarının yerləşdirilməsinə, yəni 25 ildən sonra rus qoşunlarının yenidən Azərbaycana qayıtmasına, KTMT və Avrasiya İqtisadi Birliyinə daxil olmağa və bundan irəli gələn hərbi, siyasi, iqtisadi öhdəlikləri öz üzərinə götürməyə razılıq verib. Aleksandr Lukaşenko açıqlamasında bu təkliflərin Azərbaycan nümayəndələrinin yanında səsləndirildiyini deyir və onların hər hansı şəkildə etiraz bildirməsindən danışmır, üstəlik əlavə edir ki, bunlar elə KTMT və rus qoşunlarının qayıtması üçün Azərbaycan tərəfinin özünün irəli sürdüyü şərtdir.

Qarabağ Komitəsi hesab edir ki, Dağlıq Qarabağ , Kəlbəcər və Laçının işğalının bölgəyə gələn rus qoşunlarının təminatı altında əbədiləşdirilməsi, Qarabağın azadlığı, ərazi bütövlüyümüzün bərpası üçün silahlı mübarizədən imtina edilməsi, düşmənlə diplomatik əlaqələr yaradaraq onunla bir hərbi ittifaqda təmsil olunmaq Vətənə xəyanətdir. Aleksandr Lukaşenko kifayət qədər mötəbər mənbə olduğuna, eyni zamanda Azərbaycanın və Azərbaycan rəhbərliyinin dostu kimi tanındığına və ya tanıdıldığına görə, onun açıqlamalarının həqiqiliyini şübhə altına almaq, qəsdli təxribat kimi qiymətləndirmək inandırıcı görünməsə də, Azərbaycan rəsmi dairələrinin konkret izahı olmadığına görə, Qarabağ Komitəsi bu məsələ ilə bağlı Azərbaycan rəsmilərinə münasibətdə qəti dəyərləndirmələr etməyi hakimiyyətin tez bir zamanda verməli olduğu şərhindən sonraya saxlamağı məqsədəuyğun hesab edir. Eyni zamanda açıq-aşkar məlum olan odur ki, Azərbaycan xalqının başı üstündən Qarabağa dair, ölkəyə xarici qoşunların dəvət olunmasına dair, suverenlik müstəqilliyimizi təhdid edən təhlükəli məxfi danışıqlar və hazırlıqlar aparılır.
Yaranmış vəziyyətlə əlaqədar ölkə rəhbərliyi və parlamenti bu məsələyə aydınlıq gətirməli və münasibət bildirməlidir. Aleksandr Lukaşenkonun açıqlamaları qarşısında susqunluq onun ifadə etdiyi mövqeyə münasibət bildirilməməsi həm daxildə, həm də xaricdə Azərbaycanın həmin mövqelələrlə razılığı kimi başa düşüləcəkdir.
Qarabağ Komitəsi ölkənin bütün ictimaiyyətini, vətənpərvər qüvvələri, ziyalıları, gəncləri yaranmış təhlükə qarşısında səfərbər olmağa, ayağa qalxmağa, milli müqavimətə çağırır. Kütləvi aksiyalar da daxil olmaqla konkret addımlar haqqında qərarlar Komitənin 19 dekabr 2018-ci il tarixində keçiriləcək ümumi toplantısında müzakirə ediləcəkdir.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button