PUTİN QURDLA QİYAMƏTƏ QALACAQ?!

Mehriban Vəzir yazır...

Mehriban Vəzir Putin haqqında yazı yazıb. Xural.org Mehriban xanımın yazısını Oxucularına təqdim edir:

Qurdla qiyamətə qalacaq…
Ciddi bir nəşrin xəbərinə görə Putin ölümsüzlüyü üçün 26 milyard dəyərində layihə başladıb…
O gün bir professor da bundan danışırdı. Deyir, 2030-a qədər xəstələnməyin, ölməyin… ondan sonra ömürlər 250 il olacaq…
Əlbəttə, tarixdən bəllidir ki, Makedoniyalı İskəndərdən üzü bəri əlində göydən düşmüş xəzinə olan hər kəs ölümsüzlüyün sirrini aramış və bulamamış…
Ama artıq durum dəyişmiş…
Yəni dünya yeni bir bəla ilə üz-üzə görünür…
İnsan bədəni sonsuz təmirlərlə, ehtiyat hissələrlə dəyişdirilib daima yenilənə biləcək…
Təbii ki hər insan deyil… atalarımız “umma şişərsən” deyib. Yəni bu kimi layihələr, dövlətdən – yəni “umub şişənlərin” cibindən – milyardlar oğurlayanların ixtiyarında olacaq. Xalq işləyəcək, vergi verəcək, canı çıxacaq, ölüb gedəcək… putinlər Qiyamətə qalacaq…
Amma Qurdla Qiyamətə qalacaq… özbaşına yox…
İndi bu an… Qurdla Qiyamətə qalacaqlar məni maraqlandırmır. Ağlım, fikrim uzaqlardadı…
Tək marağım bu deyimin necə yaranması, hardan çıxması, hansı bilgilərə əsaslanmasıdır.
Gəlsinlər etnoqraflar!
İzah etsinlər!
Folklorşünasları çağırmıram, heç tarixçiləri də.
Onların gücü çatmaz, alanları deyil…
Məsələ çox mürəkkəbdi…
Bu “Qurdla Qiyamət” məsələsini gözümüzü açandan eşidirik. Dünyanı tutub durmaq istəyənlərə Qurdla Qiyamətin sitəmi edilib hər zaman. İndi bu işin mənzərəsi, daha doğrusu gerçəyi çıxır ortaya.
Demək, belə çıxır ki… Qurd da olub, Qiyamət də olub…
Qurdla Qiyamətə qalan da olub…
Ki… bu deyim yaranıb. Çünkü atalar sözü və deyimlər yalnız milli-etnik təcrübənin məhsuludur. Xalqların kosmik şüur dağarcığından tökülən hikmətlərdir. Bu hikmətlər qətiyyən əfsanə və ya uydurmaya deyil. Mütləq və mütləq olmuş hekayələrə, yaşanmış təcrübələrə dayanır.
Belə…
Artıq Qurdla Qiyamətə qalacaqların sırası bəllənir…
Birinci sıra, birinci yer tutuldu… rus xalqının canı çıxsın, işləsin, vergi versin, bedava savaşlarda ölsün…
Ölsün… ölsün… dövlət xəzinələrinin müqəddəs hədəfi putinləri Qurdla Qiyamətə götürmək olsun…
(Çimçəşdirici fikir: Əcəba, Süleymana və nə Süleymanlara qalmayan dünya bunlaramı qalacaq…)
Əlbəttə, konumuz o deyil… bizə nə? Dünya bizim deyil ki!
Qonaq evidi, SAHİBi bilər…
Biz gəlmişik, gedəcəyik… vaxtı, vədəsi var…
Konumuz: Qurd və Qiyamət…
Əcəba, bu təcrübə yaşanıbmı?
İnsan, bu gün gəldiyi bu məqama neçənci dəfədir gəlir?
Dünyanın neçə Qiyaməti olub?
İnsan o Qiyamətə niyə Qurdla qalıb?
Niyə?
Niyə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button