
Putin Lukaşenkonu münaqişəyə girməyə necə məcbur etdi?!
Belarus cəmiyyətinin əksəriyyəti pasifistdir...
2020-ci ildəki saxta seçkilərdən və müxalifətin böyük hissəsini ölkəni tərk etməyə məcbur etdikdən sonra hələ də Aleksandr Lukaşenko rejiminin hərəkətlərinə qarşı çıxan xeyli sayda vətəndaş var. Üstəlik, uzun müddət davam edən “sülh şəraiti”ndən sonra Vladimir Putinin qonşu Ukrayna ilə başlatdığı müharibə belarusları yenidən Minskdəki diktatorun tutduğu yola öz etirazlarını bildirməyə sövq edir. Lakin bu dəfə səbəb saxtalaşdırılmış seçki nəticələrindən daha kritik görünür. Bu etirazların əsas səbəbi, Belarus Silahlı Qüvvələrinin Rusiya tərəfdən vuruşmaq üçün müharibəyə cəlb edilməsi ehtimalıdır.
Rusiya ilə Ukrayna arasında münaqişə başlayanda heç kim ukraynalıların işğalçı qüvvələrə müqavimət göstərə biləcəyinə ümid etmirdi. Buna baxmayaraq, onlar artıq bir aydır ki, vətənlərini müdafiə edir, rusları Federasiyanın bütün guşələrindən getdikcə daha çox dəstək qüvvələri cəlb etməyə məcbur edirlər. Vladimir Putin beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Cənubi Osetiyada yerləşən qüvvələri tamamilə tükəndirir, eyni zamanda artıq Uzaq Şərq və Qafqazdakı birləşmələrinin də bu müharibəyə cəlb edilməsinə başlayıb. Yaxın vaxtlarda “Junarmia” gənclər təşkilatının 17 yaşlı üzvlərinin müharibəyə göndəriləcəyinə dair məlumatlar yayılıb. Belaruslar özlərinin başlatmadıqları və dəstəkləmədikləri bu müharibəyə məcburi şəkildə daxil ediləcəklərindən qorxurlar.

Ekspertlər artıq uzun müddətdir ehtimal edirdilər ki, Vladimir Putin Aleksandr Lukaşenkonu münaqişəyə girməyə məcbur edəcək. Bu qonşu dövlətin “İttifaq Dövləti” adı altında ilhaqı artıq illərdir ki, Rusiya tərəfindən ürküdücü şəkildə davam edir. Belarus diktatoru Ukraynaya hücum əmrini verməyəcəyini dəfələrlə bəyan edib. Lakin onun sözləri nə dünya auditoriyası, nə də belarusların özləri üçün əhəmiyyət kəsb etmir, çünki rusların Ukraynaya hücumlar üçün Belarus ərazisindən istifadə etməsinə razılıq verən də məhz o idi.
Bu vəziyyət qarşısında passiv qalmaq istəməyən vətəndaşlar, həm ümumilikdə müharibəyə, həm də Belarusun bu müharibədə iştirakına etiraz edirlər. Ancaq nəzərdə saxlamaq lazımdır ki, 2020-ci il seçkilərindən sonra etiraz aksiyaları keçirmək demək olar ki, mümkün deyil. Fikir bildirməyin mümkün olduğu yeganə məcra internet olaraq qalır.

Etiraz və informasiya hərəkatında aparıcı rollardan birini də NEXTA adlı bloq oynayır. O, Twitter vasitəsilə rejimə olan müqavimətlərdən xəbər verir və bütün müxalif fəaliyyətləri dünyaya çatdırır. Digər populyar məlumat mənbələrindən biri də MotolkoHelp kanalıdır. Bu kanal isə öz növbəsində, Rusiya Silahlı Qüvvələrinin Belarusdakı fəaliyyəti haqqında cari məlumatları dərc edir. Oradakı paylaşımlar, Rusiya hərbi hissələrinin yerləşdiyi yerlər və onların Ukrayna sərhəddinə qədərki hərəkət marşrutları üçün əsas məlumat mənbəyidir. Yuxarıda qeyd olunanlara, Ukraynaya gedən Rusiya hərbi nəqliyyatının blokadasını populyarlaşdırmış blogger də daxildir. Bu blokada aksiyası, Ukrayna bayrağı fonunda ağ göyərçinin olduğu sülh simvolu ilə birlikdə auditoriyada məşhurlaşmışdır. Ancaq bu yaxınlarda belaruslar öz səylərini daha da sərtləşdirmişlər. “Partizanlar” adlanan qrup Rusiya hərbi nəqliyyat vasitələrinin daşındığı dəmir yolu xətləri sisteminə olan kiber hücumu öz üzərlərinə götürmüşlər.
Telegram messenceri vasitəsilə yayılan, digər effektiv hərəkatlardan biri də vətəndaşların bütün növ hərbi əməliyyatlardan imtina üçün hakimiyyət orqanlarına kütləvi müraciət göndərməyi olub. Minlərlə belarusun göndərdiyi müraciətlərdən sonra, sözün əsl mənasında onlarla dövlət qurumlarının elektron poçt qutuları bloklanmış, bu da öz növbəsində onların iş sxemini iflic etmişdir.

Belarus cəmiyyətinin əksəriyyəti pasifistdir. Bunun arxasında İkinci Dünya Müharibəsi dövründə xalqın verdiyi böyük itkilər dayanır. Tarixi araşdırmalar göstərir ki, Belarus düşmənçilik mövqeyi və ədavətli münasibətlər ucbatından əhalisinin böyük hissəsini itirmişdir. Onlar verilən bu qurbanları kiçik yaşlarından məktəblərdə öyrənir və hər fürsətdə özlərinin müharibə əleyhdarı mövqelərinə vurğu edirlər. Buna görədir ki, onların münaqişəyə cəlb olunma qorxusu, bu ölkənin müasir tarixində ən böyük təşvişlərdən birinə səbəb olub. Qeyd olunan nümunələrdən, o cümlədən “partizanların” fəallığından göründüyü kimi, Aleksandr Lukaşenkonun ruslara kömək etmək qərarı bu ölkə tarixinin ən böyük etiraz və iğtişaşlarına səbəb ola bilər.
İntiqam Adiloğlu



