
Professor İlham Rəhimovun ad günü: “Sıradan bir gün kimi…”
Bu gün hüquq professoru, elm xadimi, xeyriyyəçi iş adamı İlham Rəhimovun doğum günüdür. Onun 67 yaşı tamam olur.
Ad günü ilə bağlı İlham Rəhimov belə deyib:
– Ad günlərimi sıradan bir gün kimi yaşayıram. Həmişəki kimi səhər idmanı, yüngül səhər yeməyi… İdman mənimçün günlük yaşamın çox önəmli bir hissəsidir. Ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Bəziləri zəng vurub təbrik edir. Kimlərsə canlı təbrik etmək istədiyini deyirsə, qapım açıqdır… gəlirlər. Ancaq mərasim təşkil etmək, kimlərisə dəvət etmək… heç zaman bunları etməmişəm.
“Ötən illərdə özünüz üçün hansı həyat fəlsəfəsini hazırlamısınız?” sualına isə İlham Rəhimov belə cavab verib:
– Hər hansı həyat fəlsəfəsinin yaranması üçün insan bəlli bir müddət yaşamalı, təcrübə qazanmalıdır. Ancaq bu da əsas deyil. İnsan uzun yaşaya bilər, ancaq düşünən, təhlil qabiliyyəti olan insan olmadığı üçün heç bir fəlsəfəni dərk edə, yenisini yarada bilməz. Demək, əsas düşünməkdir. Düşünən insan hər zaman yaradılış, həyatın mənası, xeyir və şər, öz missiyası üzərində düşünür, özü ilə mübahisə edir, dialoqa girir, yanlışlar üzərində təhlillər aparır. Gəncliyimdə elə hərəkətlərim olub, indi düşünürəm, bu hərəkətlər bəzən həyatim üçün təhlükə də daşıyıb. Gənclikdə insan atacağı addım haqqında o qədər də dərin düşünə bilmir. Gəncliyin enerjisi buna mane olur. İnsan sanki hərəkət edir, sonra onun analizi ilə məşğul olur. Zaman daha ehtiyatlı davranmağı öyrədir. Səbr və ehtiyatlılıq – düşünürəm ki, bu iki anlayış insanı çətinliklərdən, uğursuzluqlardan qoruyur. Həyat elə gətirdi ki, ilk gəncliyimdən özümü təsdiq etməyə məcbur oldum. Mən dərk edirdim ki, qarşıma konkret məqsədlər qoyub onlara doğru getməliyəm. Tələbə olanda da, iş həyatımda da belə oldu. Mən Peterburqa gedəndə 17 yaşım vardı və orada heç kimi tanımırdım. Başa düşürdüm ki, mənim bu şəhərdə qalmaq və yüksəlmək üçün bir yolum var – oxumaq. İş həyatımda da heç zaman rəislərimə “baş üstə” demədim. Ümumiyyətlə, bu sözü sevmirəm. Buna görə dəfələrlə rəhbərliklərlə problemlər yaşamışam, ancaq xarakterimi dəyişməmişəm. İndi də işçilərimlə demokratik davranıram, istəmirəm ki, onlar da mənə “baş üstə” desinlər. İnsanların içərisindəki potensialı üzə çıxarmaq, xeyir işlərə istiqamətləndirmək üçün diktə etmək yox, şərait yaratmaq lazımdır. Həyat mənə bunları öyrətdi. Mən indi dərk edirəm ki, xoşbəxtlik insanın azadlığında, asılı olmamasındadır. İndi mən azadam və heç kimdən asılı deyiləm. Xoşbəxtlik elə budur.
“Yeni Müsavat”
Xural.com saytı professor İlham Rəhimovu ad günü münasibətilə təbrik edir, yeni yaşında yeni uğurlar arzulayır.



