Priqojin ‘vaqner’-çilərin Rostov -na-Dona girdiyini bildirir

“Vaqner” muzdlu döyüşçülərinin rəhbəri Yevgeni Priqojin şənbə günü gecə saat 01:00 radələrində Rostov-na-Dona daxil olduqlarını bəyan edib. Bu məlumatın rəsmi təsdiqi olmasa da sosial şəbəkələrdə “Vaqner”çilərin Rostova daxil olduğu iddia olunan videolar yayılmaqdadır.

Priqojinin iddiasına görə, sərhədçilər və digər əsgərlər onların irəliləməsinə mane olmayıblar, əksinə mehribanlıqla qarşılayıblar.

Priqojinin sözlərinə görə, Rusiya Baş Qərargahı “Vagner” karvanına qarşı havadan zərbə endirmək əmri versə də pilotlar bu əmri yerinə yetirməkdən imtina ediblər.

Priqojin axşam saatlarında onlara atəş açan iki helikopterin vurulduğunu bildirib.

Hələki bu məlumatları müstəqil və rəsmi mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Rostov-na-Don və Krasnodar diyarından gələn xəbərlərə görə, ictimai müşahidə kameralarının fəaliyyəti dayandırılıb. Yerli nəşrlər Rostov-na-Dona girişlərin bağlandığını, yollara hərbi texnikaların çıxarıldığını yazır.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev telegram kanalında yazıb ki, hüquq-mühafizə orqanları region sakinlərinin təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görməkdədirlər.

Şənbə günü, iyunun 24-ü səhər saat 5 radələrində Voronej vilayətinin hökuməti sakinlərə “hərbi texnika karvanının M-4 Don şossesi ilə hərəkət etdiyini” bildirib və vətəndaşları müvəqqəti həmin yoldan istifadə etməməyə çağırıb.

Amma xəbərdarlıqda hərbi karvanın hansı quruma məxsus olduğu deyilməyib.

Rostov kanalı 161.ru-nun şənbə günü səhər tezdən yazdığına görə, kamuflyaj geyimli naməlum şəxslər Cənub Hərbi Dairəsinin qərargahını, şəhərin mərkəzindəki polis idarəsini, Daxili İşlər Nazirliyinin və FSB-nin regional idarələrini mühasirəyə alıb.

OSINT layihəsinin yaradıcısı Ruslan Leviev isə bildirib ki, videoda görünənlər “Vaqnerçilər” yox, Rusiya ordusunun hərbçiləridir.

TASS xəbər agentliyinin yaydığı fotolarda isə onların “vaqnerçilər” olduğu vurğulanır. Yerli hakimiyyət orqanları hələki yayılan video və digər məlumatları şərh etməyiblər.

Moskvaın meri Serqey Sobyanin isə Moskvada antiterror tədbirlərinin həyata keçirildiyini və yollarda nəzarətin gücləndirildiyini deyib.

İyunun 23-də “Vaqner” rəhbəri Yevgeni Priqojin Rusiya qoşunlarının onun bölmələrinin arxa cəbhəsinə raket zərbələri endirdiyini və çoxsaylı itkilərin olduğunu açıqlayıb.

O, Rusiya hərbi rəhbərliyini cəzalandırmaq üçün Moskvaya doğru hərəkətə başlaqdıqlarını bəyan edib.
Rusiya Müdafiə Nazirliyi isə Priqojinin mesajlarını saxta və təxribat adlandırıb. Rus generalları “Vaqner” döyüşçülərini Priqojinin əmrlərini yerinə yetirməkdən imtina etməyə çağırıblar.

Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı üsyana çağırış maddəsi ilə cinayət işi başlandığını elan edib. Bununla yanaşı Rostov vilayətində və Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button