Prezidentin köməkçisi: 'AzadlıqRadiosu Azərbaycanda legitim media strukturu deyil'

“AzadlıqRadiosu Azərbaycan Respublikası ərazisində legitim media strukturu deyil”. Bunu noyabrın 12-də Bakıda COP29 zamanı jurnalistlərin sualına cavab verərkən prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bunu Azərbaycanda “Media haqqında” qanunundan çıxış edərək söylədiyini bildirib: “AzadlıqRadiosu Azərbaycanda media subyekti olaraq fəaliyyət göstərmir”.

Onun sözlərinə görə, AzadlıqRadiosunun Azərbaycanda fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə ziddiyyət təşkil edir.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bütün bu iddiaları müdafiə tərəfi təkzib edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) isə bu il iyunun 13-də açıqladığı qərarda bir neçə məzmuna görə saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Məhkəmənin qərarında bildirilir ki, Konvensiyanın 10-cu maddəsi hər kəsin məlumat və ideyaları almaq, habelə yaymaq azadlığına təminat verir. O, təkcə məlumatın məzmununa deyil, həm də onun yayılma vasitələrinə şamil edilir, çünki sonuncuya qoyulan hər hansı məhdudiyyət mütləq həmin azadlığa müdaxiləni ehtiva edir.

Qərara əsasən, hökumət AzadlıqRadiosuna 5 min avro mənəvi zərər əvəzi ödəməlidir.

+++

2022-ci ildə “Media haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Həmin qanuna görə, ölkədə fəaliyyət göstərən jurnalist və media orqanları media reyestrində qeydiyyatdan keçməlidirlər. Bir sıra beynəlxalq təşkilat və bəzi yerli ekspertlər həmin qanun qəbul edilərkən bundan narahatlığını bildirmişdilər. Onlar hesab edirdilər ki, bu qanun medianın daha çox nəzarətə alınmasına imkan yaradacaq.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button