
Prezident: 'Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq'
“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”.
AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev mayın 3-də Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda bildirib.
O əlavə edib ki, bu, Azərbaycan üçün də yaxşı olmayacaq: “Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.
Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları 20 ildən çox ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Rusiya və Fransa) vasitəçiliyi ilə aparılıb. Son illər isə Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.
Mayın 1-də isə Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Daha sonra Ceyhun Bayramov (Azərbaycan) və Ararat Mirzoyan (Ermənistan) Vaşinqton yaxınlığındakı Arlinqtonda ikitərəfli görüş keçiriblər. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr aparır. Müzakirələrin bir neçə gün çəkəcəyi gözlənilir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



