
Polisin Ənvər Ağamalızadəni evindən apardığı deyilir
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadəni bu gün, oktyabrın 24-də yaşadığı evdən polis əməkdaşlarının apardığı deyilir.
Partiyadan bildirilib ki, oktyabrın 24-də saat 07:30 radələrində onun evinə gələn polis əməkdaşları Ə.Ağamalızadəyə və ailə üzvlərinə heç bir səbəb göstərmədən onu zorla evindən çıxararaq, polis maşınına mindirərək naməlum istiqamətə aparıblar: “Hazırda onun harada saxlanıldığı və durumu haqqında hər hansı məlumat yoxdur”.
ADR-dən hesab edirlər ki, Ə.Ağamalızadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) planlaşdırdığı etiraz aksiyası ilə bağlı saxlanılıb. O, müxalifətin etiraz aksiyalarında, bir qayda olaraq, fəal şəkildə iştirak edir.
Deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) , hələlik, münasibət öyrənmək mümkün olmayıb.
AXCP-nin sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə keçirmək istədiyi aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilmişdi.
DİN-dən isə bildirilib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiyaya cəhdin qarşısı alınacaq və təşkilatçılar məsuliyyət daşıyacaqlar.



