Polis Minbaşı kəndini mühasirəyə alıb

04.04.2012

Sabirabad rayonunun Minbaşı kəndinə səhər saatlarından etibarən böyük polis qüvvələri cəlb olunub və sakinlər arasında həbslər həyata keçirilib. Dünən kənd sakinləri 2010-cu il daşqınından zərər çəkənlər arasında kompensasiyaların ədalətli paylanması tələbi ilə etiraz aksiyası keçirmişdilər.

Etirazçılar – 150-yə yaxın insan bir müddət Şirvan-Sabirabad yolunu bağlamışdılar.

Hazırda kəndə giriş polis tərəfindən bağlanıb.

Sakinlər hesab edirlər ki, onlar üçün ayrılan vəsait icra hakimiyyətinin kənddəki nümayəndəsi Bəybala İsgəndərov, onun müavini Qədir Əliyev, bələdiyyə rəhbəri Rufulla Qoçayev tərəfindən mənimsənilib. Onlar kompensasiya verilməsi zamanı hər 1000 manatdan 200 manatı özlərinə saxlamaqda ittiham olunurlar.

Bundan başqa, aksiya iştirakçıları iddia edirlər ki, bu şəxslər yeni ev tikilməsi nəzərdə tutulan şəxslərin siyahısına ad yazmaq üçün rüşvət alırlar.

Öz növbəsində, DİN-in mətbuat xidmətinin nümayəndəsi Orxan Mənsurzadə yerli sakinlərin verdiyi məlumatları təkzib edib. “Heç bir həbs və saxlanma olmayıb. İcazəsiz aksiya hazırlandığına dair məlumat daxil olub. İzahat xarakterli söhbət aparıldıqdan sonra bütün suallar çözülüb”, deyən DİN nümayəndəsi kəndin polis tərəfindən mühasirəyə alınmadığını əlavə edib.

Daşqın zonasında kompensasiyaların ədalətli paylanması məsələsi ilk gündən aktual olub. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı dəfələrlə bu barədə hökumətə və hüquq-mühafizə orqanlarına məlumat verib. Ötən həftə İmişli rayonunun daşqından zərər çəkmiş sakinlərinin iddiası üzrə məhkəmədə kompensasiya verilməsi ilə bağlı maliyyə fırıldağı faktının üstü açılıb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button