
Polad Bülbüloğlu: “Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm”
Yayımlandı: 25 İyul 2024 15:00
Səfir-müğənni namizədliklə bağlı suala diplomatik cavab verib
18 ildir Azərbaycanı Rusiyada təmsil edən səfir Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində iştirakını istisna etməyib.
“Novoye-vremya” saytının bu barədə sualına cavabında səfir-müğənni deyib ki, parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir:
“Şuşalılar məni özlərinə deputat seçsələr, hədsiz dərəcədə sevinərəm”.
Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. Nazir işlədiyi illərdə iki dəfə deputat mandatı alıb. Birinci dəfə 1990-cı ildə Azərbaycan SSR-nin Ali Sovetinə keçirilən seçkilərdə, ikinci dəfə 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən mandat qazanıb.
1998-ci ildə mədəniyyət naziri təyin oldunduğundan qanunvericiliyin dəyişməsi səbəbindən deputat mandatını təhvil verib.
P.Bülbüoğlu 2006-cı ildən Rusiyada səfir vəzifəsində çalışır.
1982-ci ildən “Xalq artisti” olan P.Bülbüloğlu 2005-ci ildə “İstiqlal”, 2015-ci ildə “Şərəf”, 2020-ci ildə “Heydər Əliyev” və Rusiyanın “Dostluq” ordenləri ilə təltif edilib.
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
İyulun 24-nə olan məlumata görə, növbədənkənar parlament seçkilərində 1200-ə yaxın adam namizəd olmaq üçün müraciət edib, onlardan 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.



