
Paşinyan yenə “göz yaşı tökdü…”
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yenə qonşulardan, dostlardan kömək dilənib. O, sərhəddə vəziyyəti izləmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müşahidəçilərini Ermənistan və Azərbaycanın bütün sərhədi boyunca yerləşdirməyi təklif edib.
Xural.com TASS-a istinadən xəbər verir ki, Paşinyan “Ermənistan-Azərbaycan sərhədindəki real vəziyyəti müəyyən etmək üçün onun yanında müşahidəçi missiyası yerləşdirməyi təklif edib. Onun sözlərinə görə, “Azərbaycan təxribat törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nüfuzdan salmağa çalışır”.
Paşinyan Azərbaycanın Ermənistan tərəfini hər zaman təxribatlarda ittiham etdiyini qeyd edib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan Ermənistanın təşkilata təhdid yaratmamağın nə qədər vacib olduğunu deyib. Ən əsası Ermənistan tərəfinin heç bir təxribatçı hərəkətə yol verməyəcəyinə zəmanət verib.
Paşinyan həmçinin bütün sərhəd boyunca Rusiya sərhəd postlarının yerləşdirilməsini təklif edib. Sitat: “Bu vəziyyətdə Rusiya sərhədçilərinin güclü nöqtələrinin bütün Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini nəzərdən keçirmək məsləhətdir. Bu, hərbi toqquşma riski olmadan delimitasiya və demarkasiya işlərinin aparılmasına imkan verəcək”. Ermənistan Nazirlər Kabinetinin rəhbəri bu mövzunu rusiyalı həmkarları ilə müzakirə etməyi planlaşdırdığını açıqlayıb. Paşinyan onu da vurğulayıb ki, Ermənistan tərəfi bölgədə sülh və sabitliyi təmin etmək üçün bütün lazımi tədbirləri görmək niyyətindədir.
Ermənistan hökumətinin və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir. Bu günlər Ermənistan-Azərbaycan sərhədində güclü atışmalar olub. Bakıdan verilən məlumata görə, nəticədə iki Azərbaycan hərbçisi yaralanıb, İrəvanda isə 3 ölü və 5 yaralı erməni əsgərinin olduğu bildirilib. Elə həmin gün Rusiya tərəfinin təşəbbüsü ilə 28 iyul Moskva vaxtı ilə 09: 00 -dan etibarən atəşkəs haqqında razılıq əldə edilib. Ancaq bu gün tərəflər mövqelərinin yenidən atəşə tutulduğunu bildiriblər.



