
Paşinyan və Əliyev mayın 14-də Brüsseldə danışıqlar aparacaq
Mişel və Əliyevin nümayəndələri bu məlumatı şərh etməkdən imtina ediblər, Paşinyanın mətbuat katibi isə sorğuya cavab verməyib.
Ermənistan və Azərbaycan liderləri bazar günü Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə danışıqlar aparacaq. Bu barədə “Financial Times” görüşün hazırlanması ilə tanış olan üç məmura istinadən yazır.
Qəzet Azərbaycanla Ermənistan sərhəddində Azərbaycanın sərhəd buraxılış məntəqəsinin yerləşdirilməsindən sonra Qərbin müttəfiqlərinin vasitəçilik səylərini gücləndirdiyini vurğulayır və xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında gözlənilən görüşdən əvvəl hər iki ölkənin xarici işlər nazirlərinin ötən həftə Vaşinqtonda danışıqları olub.
“Danışıqlar çox güman ki, Azərbaycanın nəzarət-buraxılış məntəqəsi məsələsi ətrafında olacaq. Bundan başqa, tərəflər sərhədin demarkasiyası, əsirlərin mübadiləsi və minaların zərərsizləşdirilməsi üçün göstəriləcək səyləri müzakirə edəcəklər”, – deyə qəzet yazır.
Qarşıdan gələn görüşü şərh edən üç mənbədən biri adının çəkilməməsi şərti ilə bunun “mühüm irəliləyiş əlaməti” olduğunu bildirib və əlavə edib ki, Aİ və ABŞ-ın Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması üzrə səyləri “bir-birini tamamlayır”.
Qəzetin digər iki mənbəsinin məlumatına görə, Ermənistan və Azərbaycan liderləri də iyunun 1-də Moldovada keçiriləcək Avropa siyasi birliyinin sammiti çərçivəsində görüş keçirməyi planlaşdırırlar. Görüş Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə keçiriləcək.
Qəzet qeyd edir ki, Mişel və Əliyevin nümayəndələri şərh verməkdən imtina ediblər, Paşinyanın mətbuat katibi isə nəşrin sorğusuna ümumiyyətlə cavab verməyib.
Eyni zamanda, Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev bəyan edib ki, Azərbaycan özünü Çarlz Mişelin missiyası ilə tam rahat hiss edir, çünki Aİ-nin “gizli gündəmi yoxdur”. O əlavə edib ki, danışıqların “əsas konsepsiyaları” və onların strukturu Aİ-nin vasitəçilik prosesinin gedişində hazırlanıb.
Eyni zamanda, Azərbaycan prezidenti administrasiyasının nümayəndəsi qeyd edib ki, Bakı müxtəlif yerlərdə – istər “Moskvada, istər Vaşinqtonda, istərsə də Brüsseldə” görüşlər məsələsində “çeviklik nümayiş etdirir”. Onun sözlərinə görə, nəticə əldə etmək üçün proses daha “inklüziv” olmalıdır.
“Rusiya regionda sülhyaratma prosesinə effektiv töhfə verə bilər. Amma bu da bir həqiqətdir ki, Rusiya Ukraynadakı müharibədən çox narahatdır”, – deyə Hacıyev bildirib.
Xatırladırıq ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd təklif paketi alıb və cavab olaraq Bakıya üç sənəd göndərib.
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı ikinci dərəcəli məsələlərdə qarşılıqlı məqbul düsturlar tapıblar, lakin gələcək sülh müqaviləsinin əsas müddəalarına dair mövqelər hələ də uzlaşdırıla bilmir.



