
Paşinyan: 'Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb'
“Planlarımıza Azərbaycanla sülh sazişinin imzalanması və münasibətlərin tənzimlənməsi və Türkiyə ilə əlaqələrin nizamlanması daxildir”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 30-da Milli Assambleyada 2024-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onu da qeyd edib ki, hökumətində bunun asan olmayacağını anlayırlar.
Ermənistanın baş naziri deyir ki, bu plan üzrə irəliləyiş ölkəsinin dövlət maraqlarına cavab verir.
“Azərbaycanla münasibətlərin tənzimlənməsi və sülhün üç əsas prinsipi razılaşdırılıb. Tərəflər bu razılaşdırılmış prinsiplərə sadiqliyi qoruyub saxlasalar, sülh sazişinin imzalanması və münasibətlərin tənzimlənməsi reallaşacaq”, – Paşinyan vurğulayıb.
1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq Ermənistan və Azərbaycan sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Son illər sülh danışıqları Aİ, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə davam edib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirləri” başlatdığını elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.
Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum özünü buraxdığını elan edib.



