“Padşah deyiləm, ha? Nökərəm də… Nökər…”
Əvəz Zeynallıya rüşvət verdiyini iddia edən şahid özünü “nökər” adlandırdı
İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Prosesdə “Kurort” Səhmdar Cəmiyyətinin sabiq sədri Akif Məmmədov və restoran administratoru Xanoğlan Muxtarov şahid qismində ifadə veriblər.
Bundan əvvəl baş redaktor həm dövlət ittihamçısına, həm də hakimə etiraz etsə də, onun etirazları qəbul edilməyib. Daha sonra vəkil Elçin Sadıqov ötən prosesdə Əvəz Zeynallının etirazına əsasən məhkəmə prosesini tərk etdiyini, buna görə hakim Ramella Allahverdiyevanın Vəkillər Kollegiyasına onunla bağlı məktub göndərdiyini deyib. Sadıqov həmin məktubda prosesdə baş verənlərin təhrif edildiyini hakimin diqqətinə çatdırıb və müdafiə etdiyi şəxsin iradəsinə zidd addım atmaq məcburiyyətində olmadığını bildirib.
Prosesdə “Kurort” Səhmdar Cəmiyyətinin sabiq sədri Akif Məmmədov “Xural” qəzetində haqqında “şər və böhtan” xarakterli məqalələruin dərc olunduğunu və bu məqalələrin dərc olunmasının qarşısını almaq üçün “Xural” qəzetinin redaksiyasında 2 dəfə Əvəz Zeynallı ilə görüşdüyünü və baş redaktorun ondan 1000 manat dəyərində 1 kompüner dəstini istəiyini deyib. Dövlət ittihamçısının Əvəz Zeynallı sizdən rüşvət istəyibmi və siz ona rüşvət vermisinizmi? “ sualına A.Məmmədov, konkret olaraq, “Yox, Əvəz Zeynallı məndən rüşvət istəməyib və mən də ona rüşvət verməmişəm” deyib. Prokurorun şahidin məhkəmə qarşısında verdiyi “ifadələri” istiqamətləndirmək məqsəilə, istintaq zamanı onun adından Əvəz Zeynallıya 4 min dollar rüşvət verildiyini dedikdən sonra A.Məmmədov prokurorun dediklərini təsdiqləyib və bildirib ki, onun yaxın dostları haqqında qəzetdə material getməməsi üçün Əvəz Zeynallıya 4 min dollar veriblər. Vəkil Elçin Sadığovun “Siz, o pulları Əvəz Zeynallıya verərəkən özünüz şahid olmusunuizmu? “ sualına A.Məmmədov, “Xeyir, onlar rüşvəti verəndən sonra mənə dedilər ki, Xanoğlan Muxtarov o vaxt işlədiyi “Xəmsə” restoranının müdiri Mürvət Həsənov və onun qohumu Vüqar Məmmədov hərəsi 1000 dollar olmaqla 4 min dollar Əvəz Zeynallıya veriblər. Ə.Zeynallı “sən hardan bilirsən ki, onlar mənə pul veriblər? Bəlkə səni aldadıblar?” replikasından sonra qeyd edib ki, A.Məmmədov vəzifədə olarkən bir iş adamına hökumətin çıxardığı qərarla 40 min dollar verməli olduğu halda bunu etməyib və həmin iş adamı da “Xural” a müraciət edərək, problemini ictimailəşdirməyə çalışıb. Bu haqda materiallar “Xural” qəzetində dərc olunduqdan sonra A.Məmmədov qəzetin redaksiyasına gəlmiş və məqalələrin dərcinin saxlanılması müqabilində baş redaktora rüşvət təklif edib: “o dedi ki, mən nə üçün o adama 40 min verim ki, gəl sənə onun 15 minini verim və məqalələrin dərcini dayandır. Bu adam qanunla məsuliyyətə cəlb olunmalıdır, çünki mənim peşə fəaliyyətimin qarşısını almağa çalışıb. Mən bunun təklifini rədd etdim və problemi həll etməyə çağırdım. O zaman bu adam həm “Xural” qəzetinə, həm də həmin iş adamına qarşı ”xüsusi ittiham qaydasında” iddia qaldırdı. Məhkəmənin qərarları var. Butyurub baxa bilərsiniz. Sonradan A.Məmmədov şəxsən özü məhkəmənin qərarı ilə həmin vətəndaşa 33 min 700 manat , yəni 40 min dollar ödənildiyi haqda məlumat Verdi və hətta istehza ilə dedi ki, “görürsüz pulunu alandan sonra belə bu haqda sizə nəsə deməyi lazım bilməyib. Amma siz onu müdafiə edirdiniz…” Dedim ki, “Bəli, bu gün yenə gəlsə yenə də onun haqlarını müdafiə edəcəyəm. Bu həm də mənim peşə borcumdur.”
Daha sonra 2008-ci ildə “Xəmsə” restoranında administrator işləyən Xanoğlan Muxtarov məhkəmə qarşısında yalan danışmayacağı ilə bağlı müvafiq sənədə imza atsa da, sonradan məhkəmədə iştirak edən insanların gözü qarşısında buna əməl etməyib. Prokurorun, “Siz Əvəz Zeynallıya rüşvət vermisinizmi sualına”, dərhal, “Bəli, mən Əvəz Zeynallıya rüşvət vermişəm” deyən Xanoğlan Muxtarovun məhkəməyə verdiyi ifadə hər 3-5 dəqiqədən bir dəyişib. O gah, latın əlifbasını oxuya bilmədiyi üçün qəzetlərlə maraqlanmadığını, “Xural” qəzeində çıxan materiallar haqda məlumatı da “Xəmsə” restoranının işçiləri tərəfindən aldığını deyib, gah da, vəkilin, “əgər siz latın qrafikasını oxuya bilmirsinizsə, o zaman KQMİ-nin müstəntiqi Qabil Qasımovun sizdən aldığı ifadəyə necə imza atmısınız?” sualına , “istintaq materiallarını oğlum mənə oxudu” deyib. Bu zaman X.Muxtarovla vəkil E.Sadığov arasında maraqlı dialoq yaranıb:
– Siz KQMİ-nə oğlunuzla getmişdiniz?
– Mənim oğlumun orada nə işi var?
– Demək onda materialı evə aparmısınız?
– Yox, niyəı aparım ki?
– Axı, siz deyirsiniz ki, istintaqa verdiyiniz ifadəni sizə oğlunuz oxuyub?
– Hə, Balkonda oxudu.
(Zalda gülüş)
– Ey, yox, maşında oxudu. Hər nəysə oxudu da…
– Xahiş edirəm, X.Muxtarovun ifadəsini protokola salasınız.
Ə.Zeynallı:
– Sizi KQMİ-nə nə vaxt apardılar?
– Gecə
– Evdən?
– Yox, işdən.
– Demək özün getməyibsən, səni aparıblar…
– Mmmm… Yox deyəsən özüm getmişəm.
(Zalda gülüş)
– Mən Akif Məmmədov haqda o məqalələri nə vaxt dərc etmişəm?
– Bilmirəm, Yadımda deyil.
– Bəs, o pulu sən nə vaxt mənə vermisən?
– İsti aylar idi.
– Niyə vaxtını dəqiq demirsən. Vermisənsə, vaxtı da yadında qalmalı idi, axı.
– Yadımda deyil.
– Harda vermisən?
– Nərimanov parkındakı kafedə.
– Bəs dostların ifadələrində yazıblar ki, çayxanada vermisən?
– Olsun çayxana. Kafenin həyətindəki çayxana.
– Mənə rüşvət verəcəyin haqda A.Məmmədovun xəbəri var idi?
– Yox. Mən sonra ona dedim.
– Bəs buradakı ifadəndə də yazmısan ki, Mürvət Həsənovla Akif Məmmədov səndən 30-40 metr aralıda oturub, bütün bunlara tamaşa edirmişlər.
– Hə. Onlar uzaqda oturmuşdular. Mən sənə pulu verəndə.
– Necə oldu? Bayaq dedin xəbəri olmayıb, indi də deyirsən, oturub sənə baxırmışlar?
– Onda elə dedim, indi də belə deyirəm.
– Sən belə məsuliyyətsiz çıxışlarınla necə iddia edə bilərsən ki, mən səndən rüşvət almışam? Sən kimsən ki, Xanoğlan? Mənim səninlə münasuibətlərim hansı həddə olub ki, mən səndən rüşvət almışam?
– Mənə dedilər, yəqin umacağı var, Mən də gətirdim.
– Axı, sən kimsən? Mən sənin ağalarınla mübarizə aparıram. Sən kimsən? Niyə özünü bu oyuna qurban seçmisən? Niyə, nədən qorxursan? Qorxma düzünü danış mətbuat səni müdafiə edəcək.
– Mən kiməm ki? Padşah deyiləm, ha? Nökərəm də… Nökər…
– Gör mənim üstümə kimləri göndəriblər. Nökərlərini…
Gərgin keçən proses zamanı Xanoğlan Muxtarovun ifadəsinin həm özünün ibtidai istintaqa verdiyi ifadə ilə, həm də digər şahidlərin ifadəsi ilə ziddiyyət təşkil etdiyi bəlli olub. Əvəz Zeynallı heç kəsdən rüşvət almadığını, bunun şahidlərin ifadəsindəki ziddiyyətlərdən də məlum olduğunu bildirib.
Proses 1 avqust saat 15:00-da növbəti şahidlərin dindirilməsi ilə davam etdiriləcək.
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir.
Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC





