
Oyun bacarmayan Xas Demokrat, Xas Adam-ELÇİBƏY YAZI MÜSABİQƏSİ
Aydın Canıyev
Müstəqil jurnalist
“Elçibəy-80” yazı müsabiqəsinə
Əbülfəz Elçibəy həqiqəti: saxtalıq!
və yaxud
Azərbaycanda testi tətbiq edən Əbülfəz Elçibəy özü testdən keçmədi!
ZƏRURİ GİRİŞ:
Yazı var – hesabat üçün!
Yazı var – tarix üçün!
Yazı var – şöhrət üçün!
Yazı var – siyasət və siyasi lider üçün!
Yazı var – pul (mükafat) üçün!
Bu yazı pul-mükafat üçün deyil!
Bu yazı
TARİX ÜÇÜN:
…onun adı Mahatma Qandi, Nelson Mandela ilə birgə çəkilməliykən, Vaşinqtondan, Londondan, Moskvadan səslənməliykən, Əli Kərimli, Fazil Mustafa, Pənah Hüseynlə çəkildi, səsi ön cəbhədən, səngərdən yox, kəndi Kələkidən gəldi, ona dəyəri Marqaret Tetçer, Boris Yeltsin, Bill Klinton verməliykən, Aydın Canıyev, Rafiq Tağı mühakimə etdi, millətin dədəsi olmalıykən, hamını, ilk növbədə isə Əbülfəz Elçibəyin ürəyinin başında, sinəsində bəslədiyi Əli Kərimlini söyən Elman Bayraqdarın dədəliyində qaldı!
… AZƏRBAYCAN ÜÇÜN:
Bir var ölkə rəhbəri, bir var xalqın lideri, bir də var xalqların prezidenti. Ölkə, xalqlar bir yana, fədaisi olduğu millətin də olmadı, aldılar əlindən! Etibar Məmmədov, İsa Qəmbər, Nemət Pənahlı, Əli Kərimli özlərini daha böyük və daha layiq gördülər bu millət üçün Əbülfəz Elçibəylə müqayisədə – Heydər Əliyevin durbinində “siyasi liliput” görünənlər! Əbülfəz Elçibəy də onların bu xislətinə görə böyük gördüyü Heydər Əliyevin ixtiyarına verdi onları!
Onun prezidenti ola biləcəyi xalq olmadı – talış da, ləzgi də, kürd də, hapıt da istəmədi! Ətrafında türk adına birləşib şüar səsləndirənlər isə tam əksəriyyəti sonradan hərəsi bir ölkənin agenti çıxdı! Bu taleyikəmin böyür-başında talış, ləzgi, kürd, hapıt cəhənnəmə, heç fərli-başlı türk də yox imiş! – istisnalar əlbəttə ki var!
Onu “ümummilli azadlıq mübarizəsinin rəhbəri” statusundan da məhrum etdilər – partiyasından, ömründən məhrum etdikləri kimi!
Amma tarixdə qalacaq: milyardıncı Türk-Turan sevdalısı, hakimiyyətini Allahın, rusun, ingilisin ümidinə qoyub qaçan Azərbaycan rəhbərlərindən dördüncüsü, prezidentlərindən ikincisi kimi!
SİLAHDAŞLARI ÜÇÜN:
…ətrafı saxtaydı ona qarşı!
Bu gün də ona qarşı saxtakarlıq edilir! Hətta bir vaxtlar Əbülfəz Elçibəy işığına yığışıb (eyni şərəfi Nemət Pənahlıya, Etibar Məmmədova da layiq bilmişdilər) ocağa gələnlər, şəklini döşlərinə taxan oğlanlar-qızlar bir-biriylə tanış olub ocaq qururdular, mübarizə aparırdılar, amma bu gün onların da çoxu boşanıb, boşanır, ayrılırlar – nəinki silahdaşları, onun əmanəti olan partiyadakılar belə!
Siyasi mübarizədən isə ümumiyyətlə danışmağa dəyməz!
p.s. İndi Heydər Əliyevin şəklini döşlərinə vuranlar Əbülfəz Elçibəy (Nemət Pənahlı, Etibar Məmmədov) üçün sevginin alternativi kimi tətbiqə başladılar. Elə o vaxtdan bu ölkədə demokratiya alternativ fikrin yox, alternativ dağıdıcılıq variantlarına şahiddi! Yəni… indi onun yox, bunun şəklini vururlar, indi o partiya yox, bu partiya, o arvad yox, bu arvad, o qəzet yox, bu qəzet! Bu qədər ikrahedici!!! – guya gözdən salırlar!
SİYASƏT ÜÇÜN:
Siyasət latınca “politika”dı, ərəbcə “aldatma”! Və Azərbaycan siyasətinə “politika”yla gələ bilməyən Əbülfəz Elçibəyi aldadıb gətirdilər. Nemət Pənahlı bir yalanından danışır, Zərdüşt Əlizadə bir, hətta Heydər Əliyev də onun haqqında yalan danışmağı özünə sığışdırırdı! Yalanın əvvəli isə mayadan idi: Nizami Süleymanov və maraqlı qüvvələr onun saxta prezident seçildiyini deməklə hər şeyə haram qatdılar! Saxtalıq isə XAS ADAMI məhvə məhkum edir!
Əbülfəz Elçibəy bu xalqın yalanı olmalıydı, bu xalqa yalan deməliydi, o… bunu bacarmadı və… Əbülfəz Elçibəy həqiqət oldu!
XALQ ÜÇÜN:
Xalqı xoşbəxtliyə xalq çıxarmır, onun siyasi liderləri, ziyalıları çıxarır!
Xalq var – qanun şahdır! Əbülfəz Elçibəyin əlinin altında qanunu şah bilən xalqı yox idi! Rüşvətə öyrəşdirilmiş, saxta deputatlığa, saxta akademikliyə, saxta qələbələrə sevinmək, fərəhlənmək öyrədilmiş xalqa qanunları sevdirməyə həm qanun lazım idi, həm də vaxt!
SÖZARASI: Elə buna görə də deyirdi: “Hər şeyin zamana ehtiyacı var!”
Əbülfəz Elçibəyin nə vaxtı vardı, nə də qanunu!
Xalq öz müəllimini – onu rüşvətə, saxta deputatlığa, saxta akademikliyə, saxta qələbələrə sevinmək, fərəhlənmək öyrətmiş HAKİMİYYƏT USTADInı gözləyirdi! Ona Əbülfəz Elçibəy adında həqiqət lazım deyildi, çünki bilmirdi bu həqiqətdən necə yararlansın!
Bu xalqa nə qədər çox yalan danışırsan, o qədər səni çox sevir, nə qədər qanunu, haqqı çox tapdayırsan, o qədər çox baş əyir, nə qədər çox mərdini, igidini sındırırsan, o qədər səni böyük və kişi bilir!
Xalq var – şah qanundur! Əbülfəz Elçibəy monarx təfəkkürlü deyildi deyə, aktyorluq edə bilmədi, müdrik şah rolunu lap Gənc Tamaşaçılar Teatrının sarıdimdik aktyorları kimi oynadı, “Azdrama” korifeylərinin yarada biləcəyi bitkin və xarizmatik obraz nümayiş etdirə bilmədi! Demokrat, xas demokrat aktyorluğu bacarmır, həm də…
MƏTBUAT ÜÇÜN:
Əbülfəz Elçibəyin bu xalqa verə biləcəyi çox şeylər vardı!
Bütün böyük türk sərkərdələrini, mütəfəkkirlərini dünyanın ən qədim peşə sahibləri məhv edib, Əbülfəz Elçibəyi dünyanın ikinci ən qədim peşə sahibləri yıxdı!
…Mən öz payıma baş əyirəm qarşında, Əbülfəz Elçibəy – cənab saxtalıq həqiqəti!
1992-ci ilin sentyabrında bu ölkənin baş naziri Pənah Hüseynə (Pənah bəy mənim həyatda canlı olaraq gördüyüm ilk və son baş nazir oldu! – A.C.) Az.TV-də canlı yayımlanan “Dialoq” verilişində qayıdıb deyəsən ki, “siz danışanda gözəl danışırsınız, bu xalq siqaret almağa pul tapmır”.
1993-cü ilin 4-8 martında bu ölkənin Prezidenti üçün yazasan ki, özü də bu Prezidentin mənsub olduğu siyasi təşkilatın öz qəzetində: “Lənkəran cəbhəçisi Əli Nasir deyir ki, Əbülfəz Elçibəy prezident deyil, predmetdi! (…) Mən dədəm Məmməddən başqa heç kimi inandıra bilmədim ki, Əbülfəz Elçibəy yaxşı prezidentdir!”
Mən hələ öz payıma yazdığımı və efirdən dediyimi deyirəm!
Mən hələ Əbülfəz Elçibəyin öz qəzetində, öz televiziyasında əleyhinə yazılanı, danışılanı deyirəm! Hansı demokratın qəzetində, televiziyasında öz əleyhinə yazı, veriliş gedir? – diktatorlarla təbii ki, məlumdu!
Və… biz jurnalistlər onda dünyanın ikinci ən qədim peşəsini çevirib eləmişdik dünyanın ən qədim birinci peşəsi!
Elə elə də qalıb o gündən bu günəcən dünyanın ikinci o ən qədim peşəsi!
İndi də istəyirik Əbülfəz Elçibəyə layiqli qiymətini verək, canını canından elədiyimiz ruhunun könlünü alaq.
Azərbaycan üçün ölməyi, döyüşməyi bacarmayan, danışanda da gözəl danışa bilməyən, amma və lakin… sadə, “Heyvagülü”mü, ya “Süleymani”mi havasına oynamaqdan başqa, korrupsiya, rüşvətxorluq, şərəfsizlik, biqeyrətlik havasını oynaya bilməyən, “Əliheydər Qarayev, torpaq sənin “gündəyməz”in deyil, kimə istədin verəsən” dediyinə uduzan Nəriman Nərimanov kimi, Əbülfəz Elçibəylə Heydər Əliyevin fərqini bilməyən Nemət Pənahlıya, Etibar Məmmədova, İsa Qəmbərə, Pənah Hüseynova, Əli Kərimliyə, döyüşlə alınması heç cür mümkün olmayan Kəlbəcərin, Laçının işğalını seyr etməklə sonda yun fabrikinin direktoru olan qiyamçı polkovnikə uduzan Əbülfəz Elçibəy!
Ehh… test üsulunu Azərbaycanda tətbiq edən Əbülfəz Elçibəy özü testdən keçə bilmədi!
YAZIYA SÖZARDI: Bu dünyanın saxtakarlıqdan ən çox zərbələr aldığı adam canını götürüb getsə də, yenə saxta münasibət, saxta dəyər davam edir bu insana qarşı! Bax elə biri bu müsabiqəyə üz tutan jurnalistlər. Hamısı yazacaq: təşbeh, epitet, metafora axtarıb tapacaqlar, dünya siyasətinin yeddi dərəsinin suyunu Pankisidən, Kadordan axıdıb gətirib İncə dərəsində filtrasiya edib buraxacaqlar dövriyyəyə. Ki… Əbülfəz Elçibəy haqqında demədikləri həqiqətlərə görə mükafat alsınlar!
Hamı Elçibəydən yararlandı, hamı!
Mən istəmirəm – hətta birinci yeri və 1500 manatı versələr də!
Sadəcə niyə və nə üçün yazdığımı yarımbaşlıqlarda vurğulamışam!
Və mən bir daha bu mövzuya qayıtmayacam – həqiqət bir dəfə deyilər, bir dəfə eşidilər və əbədi yaddaşa yazılar!
Xural.com



