
Ordudan daha bir dəhşətli xəbər
Rəhbərliyin nəzarətindən kənarda qalan komandirlər əsgərləri sahibkarlara icarəyə verir
Çilov adasında yerləşən Hava Hücumundan Müdafiə Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri mülki vətəndaşların təsərrüfatlarında istismara məruz qalır. Bu barədə redaksiyamıza həmin hərbi hissədə xidmət edən əsgərlər məlumat verib. Mesaj vasitəsi ilə verilən məlumatda, hərbi hissədə özbaşınalığın, rüşvətxorluğun və komandanlıq tərəfindən ciddi nizamnamə pozuntularının olduğu qeyd edilir. Həyəcanlı şəkildə yazılan mesajda hərbi hissənin komandirinin əsgərlərdən rüşvət alaraq naryaddan və karavul xidmətindən azad edildiyi bildirilir. Əsgərin verdiyi məlumata görə, hərbi hissənin komandiri əsgərləri ayrı – ayrı sahibkarların yanında balıq tutmağa vadar edir, vətəndaşların təsərrüfatlarında işlədirlər. Əsgərləri qapılarında işlədən şəxslər komandirə haqq ödəyir. Redaksiyaya daxil olan məlumatda həmçinin əsgərlərin komandir heyəti tərəfindən təhqir edildiyi və fiziki işgəncələrə məruz qoyulduğu qeyd olunub.
Dünən məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.
Mövzunu diqqətdə saxlayacağıq.
Əfqan
“Xural” qəzeti,
il 9, sayı: 060 (469), 14 oktyabr 2011



