
Ölkə “5-ci kolon” ünsürlərindən təmizlənməlidir
Siyasi partiyalar prezidentə müraciət etdilər
“Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar, ictimai xadimlər belə hesab edirik ki, Azərbaycan Respublikasının dövlət orqanları, xüsusən hüquq-mühafizə və təhlükəsizlik qurumları ölkəmizin milli təhlükəsizliyini, dövlət müstəqilliyini və suverenliyini təhdid edən xarici kəşfiyyat şəbəkələrinə qarşı mübarizəni ciddi şəkildə gücləndirməli, Rusiya-Ermənistan kəşfiyyatının cəmiyyət həyatının bütün sahələrini bürüyən “5-ci kolon” şəbəkəsinə mənsub antimilli ünsürlərdən ölkəmizi təmizləmək üçün təsirli və qəti addımlar atmalıdırlar”.
Ölkədə fəaliyyət göstərən bir sıra ictimai-siyasi qurumların Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə belə deyilir.
Müraciətin mətnlərinin eyni məzmun daşıdığını nəzərə alaraq, Türkiyə Cumhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğan cənablarına ünvanlanan variantı dərc edirik.
Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və ictimai xadimləri tərəfindən
M Ü R A C İ Ə T
Möhtərəm, cənab Prezident!
Sizin rəhbərliyiniz altında qardaş Türkiyə xalqının və dövlətinin əldə etdiyi tarixi nailiyyətlər xalqımızda böyük sevinc və qürur hissi doğurur, Türkiyənin və bütün türk dünyasının parlaq gələcəyinə inamını daha da yüksəldir. Böyük qurur və minnətdarlıq hissiylə xatırladırıq ki, Azərbaycan Ordusunun təcavüzkar Ermənistana qarşı həyata keçirdiyi antiterror əməliyyatı – Vətən müharibəsində cəmi 44 gün ərzində işğal olunmuş ərazilərimizi azad etməsində, düşmən üzərində tarixi qələbə qazanmasında qardaş Türkiyə dövlətinin misilsiz siyasi-hüquqi və hərbi-texniki yardımı olmuşdur. Son vaxtlarda qəhrəman Türkiyə Ordu hissələrinin Qarabağa gətirilməsi xalqımızda Azərbaycanın dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün dayanaqlı şəkildə qorunub möhkəmlənməsinə ümid və inamı daha da artırmışdır.
Biz bu sənədi imzalayan siyasi partiyalar, qeyri-hökumət təşkilatları və ictimai xadimlər xarici qüvvələr tərəfindən Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı yönəldilmiş təhdidlərin və onların fəsadlarının aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edən təkliflər hazırlayıb onun həyata keçirilməsi çağırışı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə müraciət etmişik. Həmin müraciət-çağırışı bəzi müvafiq zəruri dəyişikliklərlə, möhtərəm Prezident R.T.Ərdoğan, Sizə də göndəririk. Əminik ki, Sizə ünvanladığımız bu müraciət xarici xüsusi xidmət idarələri, xüsusən Rusiya-Ermənistan kəşfiyyatı tərəfindən ölkəmizə qarşı həyata keçirilən təhdidlərin miqyası və fəsadları barəsində daha geniş bilgi əldə etməyinizə imkan verəcək, Sizin lütfkarlığınız və polad iradəniz sayəsində Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin gücündən və qüdrətindən faydalanaraq milli təhlükəsizliyini və suverenliyini daha etibarlı və dayanaqlı şəkildə qorumaq və möhkəmlətmək imkanı qazanacaq, ölkələrimizin bütün dünyanı heyran qoyan dostluq və qardaşlığı, sarsılmaz birliyi daha da güclənəcəkdir.
1. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən hallar və amillər
1.1. Tarixi təcrübə subut edir ki, milli təhlükəsizliyi təmin etmədən hər hansı bir ölkənin davamlı siyasi, sosial-iqtisadi və başqa əsas hədəflərinə və başlıcası isə siyasi məqsədlərinə nail olması mümkün deyildir. Odur ki, hər bir ölkədə fərdin, cəmiyyətin və dövlətin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas məqsədi olmalıdır. Lakin Azərbaycan Respublikası qlobal maraqların kəsişdiyi və hətta toqquşduğu əhəmiyyətli və həm də mürəkkəb coğrafi məkanda yerləşdiyinə görə öz milli təhlükəsizliyini, daxili və xarici siyasətini sərbəst şəkidə həyata keçirməkdə müəyyən maneə və çətinliklərlə üzləşir ki, bunun da əsas səbəblərindən biri xarici dövlətlərin ölkənin siyasətinə və idarəetmə sisteminə təsir etmək məqsədilə yaratdığı “5-ci kolon” adlandırılan kəşfiyyat şəbəkələrdir.
1.2. Acı təəssüf hissiylə göstərməliyik ki, xarici kəşfiyyat şəbəkələri uzun illərdir ki, ölkəmizin istimai-siyasi, sosial-iqtisadi, mədəni və dini sahələrində dərin kök salaraq Azərbaycanın dövlət müstəqilliyi, təhlükəsizliyi və suverenliyi üçün ciddi təhlükəyə çevrilmiş, dövlət müstəqilliyinin möhkəmlənməsinə və geridönməz xarakter almasına imkan verməmək məqsədilə “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının iş günü edilməsinə, dövlət səviyyəsində lazımınca qeyd edilməməsinə və unutdurulmasına, eyni zamanda dövlət müstəqilliyinin əldə edilməsində xidmətləri olan sabiq deputatların və digər şəxslərin repressiyalara məruz qoyulmasına nail olmuşdur.
1.3. Xarici kəşfiyyat idarələri müxtəlif ölkələrdə sınaqlardan çıxarılmış texnologiyalar əsasında fəaliyyət planları və proqramları hazırlayıb, müxtəlif təxribatlar törətməklə ölkəmizin Avropa Birliyi və NATO-ya inteqrasiya etməsinə, strateji və regional əhəmiyyətli böyük iqtisadi, ticari və nəqliyyat layihələrinin reallaşdırmasına maneələr yaratmağa cəhdlər göstərir, eyni zamanda Azərbaycanda ictimai-siyasi, media və informasiya, sosial-iqtisadi sahələrdə təxribatlar, sabotajlar həyata keçirməyə, etnik ayrıntı və regionçuluq zəminində xalqın milli birliyinin pozulmasına, idarəetmə sisteminin sarsıdılmasına, cəmiyyətdə xaos və qarşıdurmalar yaranmasına çalışır və çox hallarda öz məqsədlərinə nail ola bilirlər. Məhz buna görə də hazırda hakimiyyət orqanları öz vəzifə borclarını vicdanla və ləyaqətlə yerinə yetirə bilmirlər və ölkədə həqiqətən idarəolunmaz vəziyyət və xaos hökm sürür.
2. Azərbaycan Respublikasına yönəlik əsas təhlükələr və onların fəsadları
2.1. Xarici xüsusi xidmət orqanlarından, xüsusən Rusiya-Ermənistan kəşfiyyatından
Azərbaycana qarşı yönələn əsas təhlükələr xarakterinə görə strateji (uzunmüddətli, geniş və dərin), tərkibinə görə isə kompleks (siyasi, hərbi-siyasi, kəşfiyyat-təxribat, informasiya, sosial-iqtisadi və psixoloji, ekoloji və s.) təhlükələrdir.
2.2. Antiazərbaycan fəaliyyəti göstərən xarici kəşfiyyat şəbəkələri arasında ən güclü, ən məkrli və dağıdıcı şəbəkə Rusiya-Ermənistan kəşfiyyatının “5-ci kolon”udur. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, Rusiya kəşfiyyatının Azərbacanda 80 min agenti fəaliyyət göstərir. Rusiya ölkəmizdə yaratdığı çox böyük, total xarakterli “5-ci kolon” şəbəkəsi vasitəsilə bir sıra digər postsovet respublikalarında olduğu kimi, Azərbaycanı da öz təsir sferasında saxlamaq üçün müxtəlif məkrli plan və proqramlar hazırlayıb həyata keçirir. Mötəbər mənbələr təsdiq edir ki, Rusiya-Ermənistan kəşfiyyatı uzun illər ərzində Azərbaycanın dövlət hakimiyyət orqanlarında yüksək vəzifələrə yerləşdirdiyi agentləri vasitəsilə ölkədə siyasi qərarların qəbuluna öz təsirini əhəmiyyətli dərəcədə artırmağa nail olaraq açıq şəkildə ölkəmizin dövlət müstəqilliyini sarsıtmağa, suverenliyini və ərazi bütövlüyünü pozmağa çalışır. Bunu aşağıdakı hallar, təkzibedilməz faktlar və hüquq normaları açıq-aydın subut edir:
2.2.1. Araşdırmalar göstərir ki, Rusiya-Ermənistan kəşfiyyatı saxta deputatların, korrupsioner məmurların, bəzi siyası və ictimai təşkilatların qeyri-yetkin, səbatsız rəhbərlərinin maymaqlığından və başlıca olaraq satqınlığından yararlanaraq öz təsir agentlərini Azərbaycan cəmiyyətinin və dövlət həyatının bütün sahələrində, hətta ali dövlət hakimiyyət orqanlarında və orduda yüksək mövqelərə yerləşdirməyə nail ola bilmişdir. Təsadüfi deyildir ki, müstəqil mətbuatda və televiziya kanallarında tanınmış siyasi və ictimai xadimlər, media nümayəndələri tərəfindən real faktlara istinad edilərək dəfələrlə belə iddialar səsləndirilib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Dövlət Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, nazirlərin və komitə sədrlərinin çoxu, o cümlədən Neft Şirkətinin (SOKAR) prezidenti Rövnəq Abdullayev, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov, AZAL-ın prezidenti Cahangir Əskərov Putin hökumətinin “tövsiyyə”si və himayəsi ilə yüksək vəzifələrə təyinat alıblar. Bundan başqa cəmiyyətdə yayılan və təkzib olunmayan müxtəlif məlumatlardan bəlli olur ki, Prezident Administrasiyasının bir neçə şöbə müdiri, o cümlədən Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdalıyev, Hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev,Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Vüqar Əliyev uzun illərdir ki, Rusiya-Ermənistan kəşfiyyatının təlimatı əsasında fəaliyyət göstərirlər.
2.2.2. Rusiya-Ermənistan kəşfiyyatı tərəfindən Azərbaycana qarşı hazırlanan xəyanətkar planların icrasına cəlb edilən əsas fiqurlardan biri də Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevdir. Mətbuatda və televiziya kanallarında çıxış edən bir sıra nufuzlu siyasi partiya sədrləri, Milli Məclisin sabiq deputatları, ictimai xadimlər tərəfindən dəfələrlə mötəbər sənədlərə və təkzibedilməz faktlara istinad edilərək göstərilib ki, S.Mirzəyev son 25 il ərzində Azərbaycan xalqına və dövlətinə xəyanət kimi dəyərləndirilə bilən bir çox cinayət əməlləri törədib. Məsələn, Səfa Mirzəyev (əslində Safo Mirzoi): 1) PKK lideri A.Ocalanın 1999-cu ilin fevral ayında Türkiyə kəşfiyyatına (MİT-ə) verdiyi istintaq ifadəsində etiraf etdiyi kimi, PKK liderinin dostu olub, həm Azərbaycanda, həm də Rusiyada PKK-ya yardımlar göstərib; 2) 2010-cu ildə PKK-nın terror təşkilatı olaraq tanınması barəsində Milli Məclis tərəfindən hazırlanan qərar layihəsinin qəbul edilməsinə imkan verməyib; 3) 2006-cı ilin dekabr ayında Rusiya-Ermənistan kəşfiyyatının təlimatı və satqın deputatların köməyi ilə Milli Məclisdə Azərbaycanın “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının iş günü edilməsi barəsində antimilli qərar qəbul edilməsinə və nəticədə bu bayramın dövlət səviyyəsində lazımınca qeyd olunmamasına nail olub; 4) Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla (hazırda o, cinayət əməllərinə görə həbs olunub) cinayət əlaqəsinə girərək Azərbaycanın dövlət müstəqilliyinin gerçəkləşdirilməsində müstəsna xidmətləri olan, bütün dövlət atributlarını qəbul edən və 1991-1995-ci illərdə ilk Milli Məclisin üzvləri olub qanunvericilik fəaliyyəti göstərən şəxslərin sabiq deputatlar üçün müəyyən olunan imtiyazlı pensiya almasına rəsmən maneçilik törədib (DSMF-a qanuna və Konstitusiyaya zidd məktub göndərməklə) və onların həm də uzun illər ərzində işsiz saxlanılıb maddi-mənəvi sarsıntılara məruz qalaraq vaxtsız vəfat etməsinə bais olub. Bütün bunlara rəğmən, Putin hakimiyyəti tərəfindən ciddi-cəhdlə himayə olunan S.Mirzəyev keçən uzun illər ərzində törətdiyi çoxsaylı qanunsuz və cinayət əməllərinə görə nəinki məsuliyyətə cəlb olunmayıb, həm də aidiyyəti üzrə dövlət orqanlarının məsuliyyətsizliyi və səbatsızlığı üzündən hələ 5 il bundan əvvəl onun yaşı çatsa da, pensiyaya göndərilməyib və Milli Məclisdə ağalığını davam etdirməsinə imkan yaradılıb.
2.2.3. Putin hakimiyyəti uzun illərdir ki, özünün təsir agentlərini Azərbaycanın Xarici İşlər Nazirliyinin diplomatik korpusina, xaricdəki səfirliklərinə yerləşdirmək və onların vasitəsilə öz mənfur antiazərbaycan və digər məqsədlərinə nail olmaq siyasəti yeridir. Acınaqlı haldır ki, Azərbaycanın xaricdəki səfirləri arasında işlədikləri ölkələrin kəşfiyyat orqanlarına satılmış şəxslərin olduğu haqda cəmiyyətdə yayılmış iddialar rəsmi dairələr tərəfindən nə təkzib edilmir, nə də onların barəsində zəruri tədbirlər görülmür və layiq olmadıqları vəzifələrindən kənarlaşdırılmırlar. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu hələ 2007-ci ildə Dağlıq Qarabağın separatçı-terrorçu rejiminə ən yüksək muxtariyyət statusu verilməsi və bu rejimin münaqişə tərəfi kimi Azərbaycanla danışıqlara cəlb edilməsi barəsində təkliflər irəli sürərək qondarma “Dağlıq Qarabağ Respublikası”nın legitimləşdirilməsinə rəvac verən çağırışlar etdiyi üçün 5 siyasi partiya tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunması tələb edilsə də, o, Rusiyanın xüsusi xidmət idarələri tərəfindən müdafiə edildiyinə görə cəzalandırılmayıb və indiyədək səfir vəzifəsində saxlanılıb. Bundan başqa keçən uzun illər ərzində mətbuatda və televiziya kanallarında partiya sədrləri, ictimai xadimlər, tannmış jurnalistlər və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri dəfələrlə Polad Bülbül oğlunun Rusiya-Ermənistan kəşfiyyatına xidmət etdiyi barəsində həyəcan doğuran məlumatlar, təkzidedilməz faktlar açıqlayıblar, lakin dövlət orqanları bu əsaslı iddialara göz yumublar. Bütün bu hallar və faktlar göstərir ki, Azərbaycanın xarici siyasət sahəsində uğurlu fəaliyyətini təmin etmək üçün ölkənin diplomatik korpusunun tərkibi təxirə salınmadan xarici ölkələrin, ilk növbədə Rusiyanın agentlərindən təmizlənməli, diplomat kadrların seçilməsi və təyinatında əsaslı pozitiv dəyişikliklər həyata keçirilməlidir.
2.2.4. Azrbaycan Respublikasının dövlət müstəqilliyi əldə olunduqdan sonra keçən uzun illər ərzində Rusiya-Ermənistan kəşfiyatı ölkəmizin silahlı qüvvələrini öz təsiri və nəzarəti altında saxlamaq, ordumuzun müdafiə qabiliyyətini və döyüş ruhunu sarsıtmaq üçün müxtəlif planlar hazırlayıb həyata keçirməyə səhdlər göstərir. Bir çox siyasətçilərin, politoloqların və KİV nümayəndələrinin mətbuatda və müstəqil televiziya kanallarında verdikləri açıqlamalara görə, 2017-ci ilin aprel-iyun aylarında Rusiya-Ermənistan kəşfiyyatının planı və təlimatı əsasında Baş Qərargah rəisi Nəcməddin Sadıqov, korpus komandiri Hikmət Həsənov və hərbi prokuror Xanlar Vəliyevin nəzarəti altında yaradılan “istintaq” qrupu tərəfindən orduda şərti olaraq “Tərtər işi” adlandırılan “təmizlənmə” əməliyatı keçirilib və bu əməliyat müddətində 2 minə yaxın hərbçi və mülki şəxs istintaqa cəlb olunub, yüzlərlə əsgər və zabitə amansız işgəncələr verilib, bir çox günahsız hərbiçilər dövlətə xəyanətdə təqsirləndirilərək həbs olunub və ya qətlə yetirilib. Acı təəssüf və təəccüb doğuran hal həm də budur ki, 2017-ci ilin may ayında aidiyyəti üzrə dövlət orqanları bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirən birgə bəyanat verməklə kifayətlənib və bununla da əslində “Tərtər işi”nin əsl mahiyyəti və ağır nəticələri ört-basdır edilib. Son vaxtlarda “Tərtər işi” ilə bağlı Azərbaycan cəmiyyətinin geniş təbəqələri tərəfindən kəskin etiraz və təpki göstərilməsi subut edir ki, bu işdə istintaq tərəfindən çoxsaylı qanunsuz hərəkətlərə yol verilib. Odur ki, hazırda Azərbaycan ictimaiyyəti haqlı olaraq tələb edir ki, aidiyyəti üzrə dövlət orqanları tərəfindən yenidən hərtərəfli istintaq araşdırması aparılmalı, “Tərtər işi”ndə törədilən cinayət əməllərində xarici agentlərin və yuxarıda adları göstərilən yüksək çinli vəzifəli şəxslərin iştirakının olub-olmaması dürüst şəkildə müəyyən edilməlidir.
2.2.5. Təkzibedilməz faktlar və dəlillər subut edir ki, imperialist Putin Rusiyası ikinci Vətən müharibəsi gedişində hərbi müdaxilə edərək Azərbaycanın tam və qəti qələbə çalmasına imkan verməyib, işğalçı Ermənistana güclü hərbi-siyasi yardımlar göstərib, ordumuzun yüksək komanda heyətinə yerləşdirdiyi xəyanətkar ünsürlərin əli ilə cəbhədə pozuculuq işləri törətməyə çalışıb. Məhz buna görə də İkinci Qarabağ Müharibəsinin gedişində Ordumuzun Ali Baş Komandanlığı Baş Qərargah rəisi general polkovnik Nəcməddin Sadıqova, bəzi hərbi korpusların komandirləri olan generallara, digər yüksək çinli zabitlərə haqlı olaraq etimadsızlıq göstərib və onlar vəzifələrindən kənarlaşdırılıblar. Belə bir mühüm fakt da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Ordusunda Vətənə xəyanətdə şübhəli bilinən hərbiçilərin aşkarlanması və onların zərərsizləşdirilməsi əməliyyatı qardaş Türkiyənin dövlət orqanlarının köməyi sayəsində həyata keçirilib.
2.2.6. Rusiya imperializmi ölkəmizi uzun müddətdə öz təsir dairəsində saxlamaq məqsədilə separatçı və terrorçu qruplara da açıq şəkildə dəstək verməkdən çəkinmir. Məhz bu məqsədlə də Rusiya üç dövlət başçısı tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat-razılaşmadan sui-istifadə edərək çoxsaylı qoşunlarını ağır hərbi texnika ilə “sülməramlı qüvvə” adı altında Qarabağ regionunda yerləşdirib və ölkəmizin dövlət suverenliyini pozaraq keçmiş “Dağlıq Qarabağ vilayəti”nin əhatə etdiyi rayonları Azərbaycanın yurisdiksiyasından çıxarmağa və həmin ərazilərdə separatçı-terrorçu erməni “dövlət”i qurmağa və bu amildən yararlanaraq Azərbaycanda öz təsir və nəzarətini uzun müddətə bərqərar etməyə cəhdlər göstərir. Bütün bu təhlükəli hallar isə təbii olaraq Rusiyanın işğalçı qoşunlarının təxirə salınmadan Qarabağdan çıxarılmasını, Dağlıq Qarabağ ərazilərinin tam və qəti şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarılmasını və eyni zamanda ölkəmizin dövlət təhlükəsizliyini və suverenliyini etibarlı şəkildə qorumaq üçün onun dost ölkələrlə hərbi-siyasi əlaqələrinin daha da sıxlaşdırılmasını, xüsusən qardaş Türkiyə Respublikası ilə hərbi-strateji ittifaqının gücləndirilməsini zəruri edir.
2.2.7. Rusiya-Ermənistan kəşfiyyatı tərəfindən Azərbaycana qarşı yönələn əsas strateji (uzunmüddətli, geniş və dərin) təhdidlərdən biri də ekoloji təhlükələrdir.
Mötəbər məlumatlara görə, Rusiya-Ermənistan kəşfiyyatının məkrli və xəyanətkar planı əsasında Bakı şəhərinin əhatə etdiyi ərazilərdə cəmi 176, Abşeron yarımadası boyu Xəzər sahili ərazilərində isə 58 qanunsuz daş karxanası fəaliyyət göstərir. Bakının Xəzər sahili kurort ərazilərində yaradılmış daş karxana təsərrüfatları uzun illər ərzində minlərlə hektar dövlət və bələdiyyə torpaqlarını özbaşına zəbt edərək həmin yerlərin həm daş, həm də münbit torpaq qatını vəhşiliklə dağıdıb satıb və torpaq sahələrini ekoloji fəlakət zonasına çeviriblər. Dünyada analoqu olmayan bu vəhşiliklər yerüstü təbii sərvətlərin məhv edilməsinə, təbiətin tarazlığının pozulmasına, ətraf mühitin kəskin dərəcədə çirklənməsinə və eyni zamanda əhali arasında xərçəng və vərəm xəstəliklərinin ildən-ilə sürətlə artmasına səbəb olubdur ki, bu da əslində qəsdən təbiətə və əhaliyə qarşı ekoloji genosid həyata keçirildiyini göstərir.
Araşdırmalar subut edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan minlərlə hektar torpaq fondunun məhv edilməsi və eyni zamanda paytaxt əhalisinə qarşı ekoloji genosid törədilməsi məhz Rusiya-Ermənistan kəşfiyyatının “5-ci kolon”una mənsub yüksək vəzifəli məmurlar, məhkəmə sədrləri və onların tabeliyində olan şəxslər tərəfindən həyata keçirilib və keçirilir. Çoxsaylı mötəbər mənbələrdən, məhkəmə araşdırmaları və qərarlarından, qanunvericilik aktlarının norma və prinsiplərindən açıq-aydın görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq və hazırkı başçıları Hacıbala Abutalıbov və Eldar Əzizov, onların tabeliyində işləyən bir sıra məmurlar, o cümlədən paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, rayonların məhkəmə, prokurorluq və polis orqanlarının rəhbərləri, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, sabiq Ekologiya və Təbii Səvətlər Naziri Hüseynqulu Bağırov və onun müavinləri, Fövqəladə Hallar Nazirliyinin, Əmlak Komitəsinin, Torpaq Agentliyinin sabiq və hazırkı məsul işçiləri şəxsi maraqlarını xalq və dövlət mənafeyindən üstün tutaraq Rusiya-Ermənistan kəşfiyyatının göstərilən xəyanətkar planının icrasında iştirak ediblər və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar (P.S. Faciə həm də ondadır ki, qeyd olunan dəhşətli cinayətlərə dair illərlə aparılan araşdırmaların acı nəticələri barəsində cənab Prezident İ.Əliyevə ünvanlanan 17 iyun 2020-ci il tarixli geniş həcmli müraciət Prezident Administrasiyasının müvafiq şöbələrində gizlədilib və dövlət başçısına çatdırılmayıb).
2.2.8. Rusiya-Ermənistan kəşfiyyatı xəyanətkar plan və proqramlarını Azərbaycanda uğurla həyata keçirə bilmək üçün öz təsiri və nəzarəti altına almağa çalışdığı əsas sahələrdən biri də kadr siyasəti sahəsidir. Rusiya kəşfiyyyatı uzun illərdir ki, “5-ci kolon” şəbəkəsinə cəlb etdiyi yüksək vəzifəli xəyanətkar ünsürlər vasitəsilə ölkənin kadr siyasətinə ciddi təsir etmək üçün qəsdən ermənilərlə qarışıq ailələrdən və əsasən eyni regiondan olan, professional hazırlığı və idarəetmə bacarığı olmayan, siyasi təfəkkür və Vətənsevərlik ruhu baxımından qeyri-yetkin, səbatsız şəxsləri “seçib” mühüm vəzifələrə yerləşdirmək, onları rüşvət-korrupsiyaya cəlb edib varlandırmaq, Azərbaycana, qardaş Türkiyəyə və digər dost ölkələrə qarşı ideoloji və başqa təxribat işlərinə cəlb etmək, eyni zamanda etnik və yerlibazlıq, regionçuluq zəminində təyinatlara üstünlük verməklə regionlar arasında ayrı-seçkilik salmaq, xalqın milli birliyini zədələmək və pozmaq siyasəti həyata keçirir və çox vaxt da öz mənfur məqsədlərinə nail ola bilir. Məhz buna görə də ölkənin müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə və məhkəmə qurumlarının yüksək vəzifəli əməkdaşlarının, parlament üzvlərinin tərkibinin mühüm bir qismi satqın antimilli ünsürlərdən ibarətdir və bu çox təhlükəli hallar ildən-ilə durmadan artır. Belə bir acınacaqlı şəraitdən istifadə edən Rusiya-Ermənistan kəşfiyyatı hazırda ölkə həyatının bütün sahələrində özbaşınalıqların baş alıb getməsinə, sosial ədalət tələb edən insanlara qarşı təqib və repressiyaların qarşısıalınmaz bir hala çevrilməsinə və ölkədə ağır idarəolunmaz vəziyyət və xaos yaranmasına nail ola bilib.
Möhtərəm, cənab Prezident!
Biz, bu müraciəti imzalayan siyasi partiyalar, ictimai təşkilatlar, ictimai xadimlər belə hesab edirik ki, Azərbaycan Respublikasının dövlət orqanları, xüsusən hüquq-mühafizə və təhlükəsizlik qurumları ölkəmizin milli təhlükəsizliyini, dövlət müstəqilliyini və suverenliyini təhdid edən xarici kəşfiyyat şəbəkələrinə qarşı mübarizəni ciddi şəkildə gücləndirməli, Rusiya-Ermənistan kəşfiyyatının cəmiyyət həyatının bütün sahələrini bürüyən “5-ci kolon” şəbəkəsinə mənsub antimilli ünsürlərdən ölkəmizi təmizləmək üçün təsirli və qəti addımlar atmalıdırlar.
Yuxarıda göstərilən halları və təkzibedilməz subutları əsas tutaraq və xalqımızın ali mənafeyini və iradəsini ifadə edərək, eyni zamanda qardaş Türkiyə dövlətinin ölkəmizin təhlükəsizliyinin qorunub möhkəmlənməsində və ərazi bütövlüyünün bərpasında xidmətlərini yüksək dəyərləndirərək Sizi, möhtərəm Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyiniz qardaş Türkiyə hökumətini aşağıdakı təkliflərimizin həyata keçirilməsində Azərbaycan xalqına və dövlət hakimiyyətinə dəstək verməyə çağırırıq:
1. “Lüstrasiya haqqında” qanun qəbul edilməli və keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ölkəmizdə saxlanılan arxivləri açılmalı, Rusiya-Ermənistan kəşfiyyatının “5-ci kolonu” ilə bağlı “Böyük təmizləmə” əməliyyatına başlanılmalıdır.
2. Azərbaycanın dövlət təhlükəsizliyini etibarlı və davamlı şəkildə qoruyub möhkəmlətmək məqsədlə dövlət proqramı hazırlanmalı və bu proqramda hər bir dövlət orqanının vəzifəsi və məsuliyyəti dəqiq və əhatəli şəkildə göstərilməlidir.
3. Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Xarici Kəşfiyyat İdarəsinin təcrübəli əməkdaşlarından ibarət Təhqiqat Komissiyası yaradılmalı, ölkəmizin dövlət təhlükəsizliyinə qarşı törədilən fəsadların iştirakçıları, xüsusən xarici kəşfiyyat idarələrinin “5-ci kolon”una mənsub olan vəzifəli şəxslər müəyyən olunub məsuliyyətə cəlb edilməlidir.
4. Bütün dövlət orqanlarında, xüsusən təhlükəsizlik və hüquq mühafizə qurumlarında kadrların seçilməsi və təyinatı işi əsaslı şəkildə yaxşılaşdırılmalı, rüsvayçı və təhlükəli regionçuluq və proteksiya hallarına qəti şəkildə son qoyulmalıdır.
5. Ölkənin dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini etibarlı və dayanıqlı şəkildə təmin etmək üçün Azərbaycan Respublikası ilə qardaş Türkiyə Respublikası arasında hərbi-strateji ittifaqın gücləndirilməsinə xidmət edən zəruri saziş və müqavilələr bağlanılmalıdır.
Dərin hörmət və ehtiramla
Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri, dosent
Əhməd Oruc, Azadlıq Partiyasının sədri
Hacıbaba Əzimov, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, Milli
Məclisin sabiq deputatı, prof., d-r
Qələndər Muxtarlı, Azərbaycan Milliyətçi Hərəkat Partiyasının sədri
Qubad İbadoğlu, Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ Rutgers Universitetinin professoru,
d-r Əli Əskərli, ABŞ-ın Şimali Karolina Universitetinin professoru,
d-r Əli Mustafa, “Demokratik Dəyişim Platforması” Təşkilatının rəhbəri
Ərəstun Oruclu, Şərq-Qərb Araşdırmalar Mərkəsinin rəhbəri
Faiq Ələkbərli, “Bütöv Azərbaycan Ocaqları” Təşkilatının sədr müavini
Yasəmən Qaraqoyunlu, “Bütöv Azərbaycan Hərəkatı” Təşkilatının sədri
Zəlimxan Məmmədli, Beynəlxalq “Borçalı” Cəmiyyətinin sədri
Bakı şəhəri, 14 iyun 2021-ci il



