
”Oğlumu döydülər, şərlədilər, ölümünə səbəb oldular”
Firəngiz Fətəliyeva Göyçay Rayon Prokurorluğundan şikayətçidir
“Oğlumu evinin, yatağının içində döyüb, ölümcül etdilər. Şərlədilər ki, guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Dözmədi, intihar etdi”.
Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, Göyçay Rayon Prokurorluğunun işi doğru-dürüst araşdırmadığını söyləyir.
“33 yaşı var idi. Bakıda bazarda fəhləlik edirdi, araba sürür, yük daşıyırdı. Elə fəhləliklə kənddə bir balaca ev qaralamışdı. Yenicə evlənmişdi, hələ uşağı da olmamışdı. Balamın 22 yaşlı gəlini dul qaldı. Həm oğlumu, həm də o uşağı bədbəxt etdilər”.
Firəngiz Fətəliyeva deyir ki, hadisə iyunun 20-də baş verib. Oğlu evində yatıbmış. Qonşu ailə evlərinə girərək oğlunu yataqdaca döyüb:
“Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Biz onu xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.
F.Fətəliyeva deyir ki, oğlu Anar Fətəliyevə polis idarəsində hər şeyi boynuna almasını tələb ediblər. O isə heç nə etmədiyi üçün boynuna alınacaq nəsə olmadığını söyləyib:
“Bu zaman onu hədələyiblər ki, onsuz da səni harda olursa olsun, tutub başqa bir maddə ilə içəri basacağıq. Sonra da içəridə başına min bir oyun açacağıq, zorlanacaqsan. Bundan sonrası biabırçılıq olacaq. Yaxşısı budur, boynuna al. Uşaq da bütün bunlardan dəhşətlənərək həmin gecə özünü asıb”.
Ana bildirir ki, oğlunu döyüblər, şərləyiblər, ölümünə səbəb olublar, bununla belə, prokurorluq istintaqı ədalətli aparmır:
“Deyirəm, adam göndərilsin, ekspert gəlsin kəndimizə. Oğlumu qonşudan, dostdan-tanışdan, qohumlardan, nə bilim, sinif yoldaşlarından, kənd camaatından soruşsunlar. Belə bir şey edə bilən oğul olub, olmadığını araşdırsınlar. Bizi dindirsinlər, məsələnin kökünə getsinlər. Heç bir iş görülmür, iş araşdırılmır. Qarşı tərəf iddia edir ki, 3 uşaq anası olan gəlinlərinə sataşıb. Onun evinə səhər saat 10-da girib. Əgər eləydisə, onun evinə niyə həmin vaxt yox, saatlar keçəndən sonra gəliblər? Baş Prokurorluğa da yazmışam. Ədalətli istintaq tələb edirəm. Ancaq baxan, maraqlanan yoxdur”.
F.Fətəliyeva deyir ki, indiyə qədər qonşu ilə hər hansı düşmənçilikləri olmayıb. Oğlunun qapı qonşusu həmin ailənin yaxınıdır:
“Araları yaxşı idi. Gediş-gəlişləri vardı. Birdən-birə nə oldu, bilmirəm. Evli uşaqdı, gül kimi həyat yoldaşı vardı. Başqasına, özü də evli, 3 uşaq anasına niyə baxsın ki? Mənim övladımı intihar həddinə çatdırıblar. Burada ona şər atanların da, polisin də günahı var. Ancaq buna baxmayaraq, Göyçay Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə saxtakarlıqla, qanunsuzluqla ibtidai istintaq aparılır. Belə ki, ibtidai istintaqı aparan Göyçay Rayon Prokurorluğu öz maddi maraqlarına görə oğlum Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxlayıb. Oğlumu hədələyiblər, deyiblər ki, səni etdiyin əmələ görə həbs edəcəklər və türmədə zorlayacaqlar. Oğlum Anar vəhşicəsinə döyülüb xəsarət almasına baxmayaraq, günahkarların açıq-aşkar müdafiə olunmasından, həbsə atılıb zorlanması ilə hədələnməsindən vahimələnərək intihar edib”.
F. Fətəliyeva ana kimi Prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı açılmış cinayət işinin ədalətli araşdırılması ilə bağlı göstəriş versinlər:
“Xahiş edirəm, açılmış cinayət işinin Göyçay Rayon Prokurorluğundan alınaraq başqa rayon prokurorluğuna verilməsi və cinayəti törətmiş digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanunu tədbirlər görün. Bizim kəndimizdə cəmi 40-50 ev, 300-400 sakin var. Yalvarıram, gəlib araşdırsınlar. Mənim oğlum kiminsə qızına, gəlininə sataşacaq biriydimi? Niyə haqsız yerə ölümünə səbəb oldular? İndi hamı həyatına qaldığı yerdən davam edir. Bədbəxt olansa biz olduq”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan bildiriblər ki, həmin işlə bağlı istintaq yekunlaşmayıb, araşdırma gedir:
“Bununla bağlı isə açıqlama vermək səlahiyyətimiz yoxdur. Ümumiyyətlə, hər hansı cinayət işi ilə bağlı mediaya açıqlama vermək düzgün deyil”.
Azərbaycan Respublikası Baş Prokurorluğundan isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
F.Fətəliyevanın günahlandırdığı qonşusu da mətbuata açıqlama vermək istəməyib.(meydan.tv)



