“O boyda” akademiklər bir hörümçəyin əlində aciz qalıb

Azərbaycan dilinin 2021-ci ilin aprelində çapdan çıxmış sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün “itməsi” günlərdir ki, akademik çevrələrdə və KİV-lərdə qalmaqal predmetinə çevrilib. virtualaz.org xəbər verir ki, lüğətin çapdan çıxmasının üstündən az qala il yarım keçmiş kimsə orada “hörümçək” sözünün əvəzində “spider” yazıldığını görüb və həşəratın adının kim, yaxud kimlər tərəfindən, hansı məqsədlə lüğətə salınmaması ətrafında araşdırma başlayıb. Lüğəti hazırlayanlar və onu redaktə edənlər bir-birinin ardınca izahatlar veriblər, məsələnin “texniki səhv olduğunu” deyiblər.

Həmin lüğət AMEA Dilçilik İnstitutuna akademik Möhsün Nağısoylunun rəhbərlik etdiyi dövrdə hazırlanmışdı. Hansı ki, akademik Nağısoylu  indi instituta rəhbərlik etmir.

Qalmaqala ötən gün AMEA prezidenti Ramiz Mehdiyev də münasibət bildirib. Dilçilik İnstitutu tərəfindən “hörümçək” sözünün lüğətdən itməsi barədə verilən izahatlarla qane olmadığını bildirib və institut rəhbərliyindən daha tutarlı izahat tələb edib.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri vəzifəsini tutan, akademik Möhsün Nağısoylu isə bu gün jurnalistlərə açıqlamasında R.Mehdiyevə izahat verməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə “hörümçək” sözü olub: “Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var”.

Nağısoylu deyir ki, onların əlində bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, “spayder” sözünün “hörümçək” deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var – bu da 2016-da çap olunub, internetdə də mövcuddur. “Bir daha demək istəyirəm ki, yeni lüğətdəki “spayder” sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm”, – akademik M.Nağısoylu bildirib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button