Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı dələduzluqla məşğuldur

06.06.2012

 Hakim həyat yoldaşını necə müdafiə edir?

 Bu gün paytaxtın dörd bir tərəfində tikinti “bumu” baş alıb gedir. MTK-lar çoxmərtəbəli binaların tikintisinə görə, sanki yarışa giriblər. Bu şirkətlərdən biri də “Kamran” MTK-dır. Bu şirkət də digərləri kimi paytaxtın müxtəlif yerlərində hündürmərtəbəli binaların tikintisilə məşğuldur. Daha doğrusu, bu şirkət tikməkdə olduğu binaların hamısını yarımçıq saxlayıb, yeni bina tikməyə başlaması ilə tanınır. Bunu həmin MTK-dən narazı olan müştərilər söyləyib.

Sakinlərin sözlərinə görə, Yasamal rayonu, 3-cü Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 34 b ünvanında tikilməkdə olan bina əslində hələ bir neçə il öncə sakinlərinin istifadəsinə verilməli idi. Lakin Nərimanov Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının həyat yoldaşı Kənan Vəli oğlu Quliyev sakinlərdən külli miqdarda pul alsa da, bu günə kimi bina tam istifadəyə verilməyib. Şirkətin inşa etdiyi binada isə nə qaz, nə su, nə də digər kommunikasiya xəttləri quraşdırılıb. Sakinlərin sözlərinə görə, bəziləri bu sıxıntılara dözməyərək, infarkt keçirib. Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyev isə 30-dan artıq vətəndaşdan aldığı pulla binanı tam istifadəyə hazır vəziyyətə gətirmək əvəzinə, bahalı avtomobildə gəzib, yüksək çinli məmurların adından istifadə edərək haqlarını tələb edən sakinləri hədələməklə məşğuldur.

Kənan Quliyevin “Kamran” şirkətinin adından istifadə edərək yeni tikilən binada mənzil vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığdığını deyən şikayətçilərin sözlərinə görə, bir müddət sonra məlum olub ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı 96 mənzili 300-dən çox ailəyə satıb və hamısı ilə də müqavilə bağlayıb. Vətəndaşlar aldıqları mənzillərin pulunu tam ödəyəndən sonra bu fakt ortaya çıxıb. Məlum olub ki, Kənan Quliyev həmin binada bir mənzili 9 ailəyə satıb. Mənzillərin müqavilələri isə saxta hazırlanıb və müqavilələr notarial qaydada bağlanmayıb. Bundan başqa, satılan mənzillərin pulları alqı-satqıdan gizlədilib. Əvvəlcə vətəndaşlarla müqavilə bağlananda onlara bildirilib ki, binanın tikintisi 2010-cu ilin avqust ayında başa çatdırılaraq sakinlərin istifadəsinə verilməli olduğu halda həmin ilin iyul ayında tikinti işləri yarımçıq dayandırılıb. Sakinlər bir müddət gözləyəndən sonra şirkətə müraciət edərək pullarını geri almaq istəyib. Lakin Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşı Kənan Quliyev problemin yaxın vaxtlarda həll ediləcəyini vəd edərək vətəndaşları sakitləşdirib. Amma üzərindən xeyli vaxt keçsə də, problem həllini tapmayıb. Bununla da Kənan Quliyevin dələduzluq yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsədiyi məlum olub.

Məsələ ilə bağlı məlumat verən etibarlı mənbənin bildirdiyinə görə, Kənan Quliyevin bir çox qanunsuzluqlara imza atdığı üzə çıxıb. Sən demə, Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın həyat yoldaşının çoxmərtəbəli yaşayış binası tikmək salahiyyəti yox imiş: “Lakin buna baxmayaraq, hələ də Kənan Quliyevin əməllərinə hüquqi qiymət verilmir. O, dələduzluq yolu ilə 30-dan artıq vətəndaşa külli miqdarda pul atıb. Kənan Quliyev özünü onlara hündürmərtəbəli binaların tikintisilə məşğul olan iş adamı kimi təqdim edib. Həyat yoldaşının da Nərimanov Rayon Məhkəməsinin ən bərkgedən hakimi olduğunu deyirdi. Kənan Quliyev həmişə həyat yoldaşının hakim olması ilə qürrələnib. Məndə olan məlumata görə, Sevinc Quliyeva hakimlik statusuna xələl gəlməsin deyə, Kənan Quliyevdən rəsmən ayrılıb. Lakin buna baxmayaraq, hələ də bir yerdə yaşayırlar. Bu da o deməkdir ki, tərəflər ancaq kağız üzərində boşanıblar. Həqiqətdə isə hələ də ər-arvad kimi yaşayırlar”. Mənbənin sözlərindən belə aydın olur ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva əlində olan imkanlardan istifadə edərək həyat yoldaşı Kənan Quliyevi müdafiə etməyə çalışır: “Əgər belə olmasaydı, o zaman Vergilər Nazirliyinə külli miqdarda borcu olan, eyni zamanda ölkənin 5 rayonunda və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən rəsmən axtarışda olan Kənan Quliyev indiyədək həbs olunardı. Görünür, Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyeva cinayətkar həyat yoldaşını müdafiə etməklə onun qanun qarşısında cavab verməsinə imkan vermir”. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Deyirəm, bir vaxtlar rüşvətə görə töhmət alanlar indi iş aparır.

Sərxan Mehdizadə

http://gundelik-baku.com/index.php?newsid=5526

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button