
Nürnberq prosesinin sonuncu prokuroru vəfat edib
ABŞ-da Nürnberq məhkəməsinin sağ qalan sonuncu prokuroru Benjamin Ferenc 103 yaşında vəfat edib.
Ferenc 1920-ci ildə Macarıstanda anadan olub. Macarıstanda yəhudilər təqib olunduğu üçün o bir yaşında olanda ailəsi ABŞ-a köçüb.
Harvardda hüquq təhsili alan Ferenc 1945-ci ildə nasist ordusunun hərbi cinayətlərinə dair sübutlar toplayan qrupa qoşulub. Xüsusilə, Amerika ordusunun azad etdiyi həbs düşərgələrində çalışıb.
O, 27 yaşında Nürnberq məhkəmələrində – hərbi cinayətkarların məhkəməsində prokuror olub. Ferenc Şərqi Avropa və SSRİ-nin işğal olunmuş ərazilərində insanların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan SS bölmələrinin işində prokuror kimi çıxış edib.
Onun prokuror kimi iştirak etdiyi işdə ümumilikdə 1 milyondan çox adamı qətlə yetirməkdə ittiham olunan 22 müttəhim iştirak edib. Təqsirli bilinən müttəfimlərdən 13-ü ölüm cəzasına məhkum edilib.
Nürnberq məhkəmələrindən sonra Ferenc nasizmdən çərəçəkən xalqlara və ölkələrə dəymiş ziyana görə təzminat və restitusiyanı nəzərdə tutan proqramlarla məşğul olub .
O, həmçinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında iştirak edib, bu şəhərdə piyada yollarından biri onun adını daşıyır.



