
“Nərmin işi”ndə şahidlər elə şeylər danışdı ki…
Nərmin qaçırılan gün onunla birlikdə olan sinif yoldaşı məhkəmədə ifadə verib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.
Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.
Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisigilin küçəsində görüb.
“Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisigilin evlərinin yanında -küçədə gördüm. O, küçəni aşağıya doğru gedirdi. Küçədə bir də kənddə Malış ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı.”
Daha sonra S.Abdullayeva ifadə verib.
“Mən o zaman 5-ci sinifdə oxuyurdum, bəli sinif yoldaşımla birgə həmin küçədən keçdik, lakin ətrafa fikir vermədim.”
Məktəblilərdən sonra meytin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib.
Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildirib ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyt tapılıb.
Tahir Orucov:
“Muradı, İlkini və Nazimi gördüm, Bir də bildim ki, yanmış meyit var”.
Nuriyə Ramazanova:
“Mən Muradı gördüm. Onun “İlkin” deyə səsləndiyini eşitdim. Ona görə İlkinin də orda olduğunu bildim”.
Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 15-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



