Mən Kamal Abdullanı heç də tərifləməmişəm

Aqşin Yenisey

Aqşin Yenisey: “Bu söhbətlər ədəbiyyatdan kənarlaşıb, dedi-qodu səviyyəsinə düşüb

 

Qan Turalı

Qan Turalı: “Məni tənqid edən adama açıqlama vermərəm”

 Artıq bir müddətdir ki, “Xural” qəzetində ədəbi aləmdəki nəsillərarası münasibətləri düzəltmək çağırışı edən yazarlar – Aqşin Yenisey və Qan Turalı barəsində həmkarlarının fikirlərinə yer veririk.

Qeyd edək ki, həmkarları Aqşin Yenisey və Qan Turalını kəskin tənqid edərək onları satqınçılıqda, yaltaqlıqda günahlandırdılar. Həmçinin Qan Turalını APA Media Holdinqin rəhbəri Vüsalə Mahirqızı qarşısında öhdəlik götürdüyü və digər yazarları da tezliklə holdinqə daxil olan “Kulis” ədəbi portalı ətrafında toplamağı söz verdiyi ilə bağlı iddialar da bildirildi.

Bu ittihamlarla bağlı münasibət öyrənmək üçün gənc yazarlara müraciət etdik.

 “Onda belə çıxır ki, Murada da yarınmışam?”

 Aqşin Yenisey: “Mənə qarşı əsas arqument kimi Bakı Slavyan Univeristetində işləməyimi gətirirlər. Ancaq onu deyim ki, mən Universitetin ştatlı işçisi deyiləm. Sadəcə, “Dünya ədəbiyyatı” lahiyəsində çalışıram. Bu işimə görə də əməkhaqqı alıram. O ki qaldı mənim Kamal Abdullaya yarınmaq istəməyim fikirlərinə, bununla da heç cür razılaşmıram. Mən bircə dəfə onun kitabı barəsində yazı yazmışdım. Onda da kitabı bir yazıçı kimi, iş yoldaşı kimi Kamal Abdulla özü vermişdi və fikirlərimi bilmək istəmişdi. Mən də kitabı oxuyandan sonra öz təəssüratlarımı yazmışdım. Özü də yazımda Kamal müəllimi başdan ayağa tərifləməmişdim. Harada ki razılaşmadığım, tənqidi fikirlərim var idi, onları da qeyd etmişdim. Bundan başqa, mən təkcə Kamal Abdulla haqqında yazmamışam, axı; Əkrəm Əylislinin, Murad Köhnəqalanın, Həmid Herişçinin kitabından da yazmışam. Onda elə çıxır ki, onlara da yarınmaq istəmişəm? Əgər yazarlarımızın dediyi kimi, mənim yazılarımda yarınmaq istəyi varsa, göstərsinlər, yazdıqlarımdan sitat versinlər, mən də harada yarındığımı bilim. Etiraf edim ki, əslində, ciddi şəkildə bu məsələyə münasibət bildirmək də istəmirəm. Çünki artıq söhbətlər ədəbiyyatdan kənarlaşıb, dedi-qodu səviyyəsinə düşüb”.

 

“Mən danışmıram!”

 

Ən ağır ittihamlar Qan Turalıya ünvanlandığı üçün onun da münasibətini bilmək istədik. Ancaq Qan Turalı “Xural” qəzetinə münasibət bildirməyəcəyini dedi: “Sənə istədiyin vaxt münasibət bildirməyə, hətta geniş müsahibə verməyə hazıram, ancaq “Xural” qəzetinə münasibət bildirmirəm”.

Qan Turalı bizə dediyi bu sözdən sonra “facebook” səhifəsindəki statusu diqqətimizi çəkdi. Gənc yazar yazmışdı: “Bir müxbir mənə zəng etdi, məndən münasibət soruşan, sonra haqqımda əleyhimə köşə yazan adama münasibət bildirmərəm”.

Beş dəqiqə içərisində dediklərini unudan və başqa sözlər yazan birisindən hər şey gözləmək olar. İttihamlara qarşı cavab verməməsinin əsas səbəbi isə, yəqin ki, verilə biləcək bir cavabının olmamasıdır. “Haqqımda köşə yazan adama cavab vermərəm” yazan Qan Turalı hansı haqla təhqir etdiyi, hətta bəzi məqamlarda söydüyü ağsaqqal yazarlarla barışmaq istədiyini də açıqlasa, yaxşı olar. Tənqid etdiyi adamları dözümsüzlükdə suçlayan Qan Turalı niyə belə dözümsüz olub? Onu dözümsüz edən arqumentsiz qalmağıdır, yoxsa tənqid etdiklərinə oxşamağa başlaması?

Əslində, bir insanın dostlarının, illərlə birlikdə çalışdığı insanların onun haqqında mənfi fikir söyləməsi, alçaqlıqda, yaltaqlıqda ittiham etməsi o insan barəsində fikir formalaşdırmağa kifayət edir. Bu qədər ittihamdan sonra nə qədər “mən o adam deyiləm, məsələ başqa cürdür” desə də, ona inanmaq müşkül məsələdir. Hər halda, Qan Turalı beş dəqiqə ərzində fikir dəyişməklə bizim buna əmin olmağımıza səbəb oldu.

 Rövşən Danyeri

 P.S. Həmkarımızın bu cür aqressiyasını anlamadıq. Mövzu ədəbi aləmdə dartışılıb, müxtəlif açıqlamalar alıb və “Xural” qəzeti də dərc edib. İndi də qəzet qarşı tərəfə cavab haqqı tanıyır. Burada danışmamalı nə var?

P.S.S. “Xural” qəzetinə gələn çoxsaylı Oxucu istəyini nəzərə alıb, Qan Turalının “Azadlıq” qəzetində yazdığı köşə yazılarını yenidən yayımlayacağıq.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button