
Məhərrəm ayının başlaması ilə bağlı müraciət olundu
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “ Yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u – Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.
Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür. Bu ilki Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dua etdiyimiz zəfər səadəti ilə qarşılayırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana, dövlətimizə dualar edirik.

Məhərrəmlik bu il də dünyada davam edən pandemiya səbəbindən müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.
Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər.



