
Mingəçevir Prokurorluğunda ölüm: keçmiş polis əməkdaşı ikinci mərtəbədən düşüb
Yayımlandı: 19 İyul 2023 23:05
Mərhumun ailəsi şəhər prokurorunu günahlandırır
İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda ölüm hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova prokurorluğun ikinci mərtəbəsindən düşüb. Onun özünü ataraq intihar etdiyi bildirilir.
Turalə Aslanova xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Turalə Aslanovanın ailə üzvləri onun ölümünə görə Mingəçevir şəhər prokurorunu, onun köməkçisini, müstəntiqi ittiham edir. Atası Natiq Aslanov Meydan TV-yə bildirib ki, prokurorluqda Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb, qızı da şahid qismində dindirilməyə cəlb edilib.
Atasının sözlərinə görə, Turalə Aslanova məsələnin obyektiv araşdırılması, bu işin Mingəçevir Şəhər Prokurorluğundan alınması üçün Baş Prokurorluğa məktub yazıb. Lakin onun məktubuna əhəmiyyət verilməyib.
“Səs yazıları, mesajlar var. Prokurorun köməkçisi deyir: “Mənə göstəriş verilib ki, araşdırma, mən də araşdırmamışam”. Bu mesajlar araşdırılmalıdır. Qızım deyirdi ki, adamların pulu qaytarılmalıdır. Borcu olan Kəmalə Quliyeva əhəmiyyət vermirdi. Kəmaləni qoruyurdular. Kimlər, niyə qoruyurdu? Mənim qızımı öldürdülər”, – Natiq Aslanov bildirib.
O əlavə edib ki, qızı keçmiş polis əməkdaşı olub. Turalə Aslanova polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində çalışıb.
Mingəçevir Şəhər Prokurorluğundan münasibət öyrənmək mümkün olmayıb. İş saatı olmadığından Baş Prokurorluqdan da zənglərə cavab verilməyib.



