MİLLİ KİMLİK ANLAYIŞININ TƏMƏLLƏRİ

"BİAM maarifləndirmə layihəsi" silsiləsindən

Azərbaycan kimi geosiyasi baxımdan həssas ərazidə yerləşən, tarixi və mədəni sistemlər arasında körpü rolunu oynayan ölkələr üçün milli kimlik məsələsi təkcə akademik mövzu deyil, həm də milli təhlükəsizlik, milli davamlılıq və dövlətçilik strategiyası məsələsidir.
BİAM-ın ideoloji fəlsəfəsindən irəli gələn əsas müddəalardan biri də məhz budur: milli kimlik – milli varlığın ideoloji konturu və dövlətin strateji dayağıdır.Bu səbəbdən ilkin olaraq milli kimlik anlayışının təməllərini nəzərinizə çatdırırıq.
1. Tarixi yaddaş və ortaq keçmiş
Milli kimliyinin ən əsas sütunu bir xalqın müştərək tarixi təcrübəsidir.
Buraya şifahi və yazılı tarix, qəhrəmanlıq salnaməsi, bütöv xalq olaraq yaşanan qələbə və faciələr, kollektiv yaddaşda simvola çevrilmiş hadisələr daxildir.
• Tarixi yaddaş millətə özünün “haradan gəldiyini” bildirir.
2. Dil — millətin ruhudur. Dil milli kimlik yaratmaqda ən güclü bağlardan biridir.
Dil düşüncə tərzini, dünyagörüşünü, mədəni şüuru, milli emosional kodu formalaşdırır.
• Dil itdikdə milli kimlik sürətlə aşınmağa başlayır.
3. Mədəniyyət və həyat tərzi
Mədəniyyət dedikdə həm maddi, həm də mənəvi dəyərlər nəzərdə tutulur – adət-ənənələr, folklor və mifologiya, musiqi, rəqs, dastanlar, ailə modeli və ictimai davranış kodları anlaşılmalıdır.
• Mədəniyyət millətin özünəməxsusluğunu qoruyan ən sabit qatdır.
4. Ortaq Vətən və coğrafi məkan hissi
Milli kimlik yalnız mənşə ilə deyil, mənsubiyyətlə bağlıdır.
Ortaq Vətən, torpağa bağlılıq, coğrafiyanın şəxsiyyətə təsiri, milli sərhədlərin mənəvi dəyəri
kimi amillərlə kimliyi formalaşdırır.
5. Milli şüur və psixoloji özünüdərk
Bu, “biz kimik?” sualına verilən kollektiv cavabdır.
Buraya milli qürur, həmrəylik hissi, mənəvi dayanışma, xalq olaraq öz rolunu və missiyasını dərk etmək daxildir.
• Milli şüur olarsa, millət həm tarixin ağır dönəmlərində, həm də böyük yüksəliş mərhələlərində bir yumruq kimi çıxış edə bilir.
6. Siyasi iradə və dövlətçilik ənənəsi
Milli kimlik dövlətçilik təcrübəsi ilə, tarixi dövlətçilik, istiqlal ideyası, siyasi təşkilatlanma qabiliyyəti, qanunçuluq və suverenlik hissi möhkəmlənir.
• Dövlətçilik ənənəsi milli kimliyə təhlükəsizlik, davamlılıq və iradə verir.
7. Ortaq ideallar və gələcək vizionu
Bir milləti millət edən təkcə keçmişi deyil, gələcəklə bağlı istqlal, rifah, ədalət, mənəvi yüksəliş, birlik kimi ortaq arzulardır.
• Bu ideallar insanlar arasında dərin bağ yaradır.
Yekun
Milli kimlik — tarixi yaddaş, dil, mədəniyyət, Vətən hissi, milli şüur, dövlətçilik irsı və ortaq idealların tarixi proseslər içində formalaşan bütövlüyüdür. O, həm keçmişdən güc alır, həm də gələcəyə istiqamət götürür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button