Media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunmasına dair layihə təsdiqlənib

Milli Məclis (MM) Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlərin vergidən azad olunması məsələsini III oxunuşda qəbul edib.

Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.

Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.

Layihəyə əsasən, audiovizual media televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadır. Audiovizual media subyektləri aşağıdakılardır:
1. yerüstü yayımçı:
– ümumölkə yerüstü televiziya yayımçısı;
– regional yerüstü televiziya yayımçısı;
– ümumölkə yerüstü radio yayımçısı;
– regional yerüstü radio yayımçısı;
2. platforma yayımçısı:
– peyk yayımı həyata keçirən platforma yayımçısı;
– peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
3. platforma operatoru:
– sadə platforma operatoru;
– universal platforma operatoru;
4. multipleks operatoru;
5. infrastruktur operatoru;
6. sifarişli yayım xidməti provayderi.
Audiovizual media subyektlərinin funksiyaları isə aşağıdakı kimi müəyyənləşib:
– yerüstü yayımçı – televiziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxs;
– ümumölkə yayımçısı – proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
– regional yayımçı – proqramları Azərbaycan Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
– platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
– platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
– multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
– infrastruktur operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
– sifarişli yayım xidməti provayderi – tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs.
Qeyd edək ki, layihədə son dövrlər audiovizual informasiya da yaymaqda olan onlayn media ilə audiovizual media da fərqləndirilir. Əgər audiovizual media televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən mediadırsa, onlayn media audiovizual media və çap mediası istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button