
Media Hüququ İnstitutu: «Üç ayda mediadan 2 milyon manat pul istənilib»
MHİ: «6 JURNALİST HƏBSDƏDİR»
Dörd hissədən ibarət olan hesabatda jurnalistlərin həbsi bölməsində qeyd olunur ki, hazırda «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı, qəzetin bölgə müxbiri Aydın Canıyev, dini məzmunlu islamazeri.org saytının baş redaktoru Ramin Bayramov, İranın «Səhər» telekanalının Bakı reportyoru Anar Bayramlı, Qubadakı regional «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev daxil olmaqla altı jurnalist həbsdədir.
Hesabatda qeyd olunur ki, jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə bağlı deyil:
«Həbsdəki jurnalistlər rüşvət almaqda, vergidən yayınmaqda, xuliqanlıqda, narkotik, qanunsuz odlu silah əldə etmədə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar».
Hesabata görə, son 3 ayda media, jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıb. Basqıyla üzləşən jurnalistlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilirlər. İnstitutun hesabatına əsasən, Azərbaycanda bilgi azadlığını tənzimləyən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun işləməsində problemlər qalmaqda davam edir. Bilgilərin açıqlığı 25-30 faiz civarındadır.




