
Masallılar “ölüm aclığı” aksiyasını dayandırdılar
Masallı ziyalları və ictimaiyyəti adından
Masallı Ziyalıları və İctimaiyyəti nümayəndələrinin Masallı Rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayevin rayondakı qanunsuz, cinayət, korrupsioner əməllərinə, yaşamaq, işləmək, mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına, şəxsi biznes yaradaraq şəxsi obyektlər almasına, edilən şikayətlərə ölkə rəhbərliyindən heç bir məhəl qoyulmamasına etiraz əlaməti olaraq keçirilən 27 mart 2012-cil il tarixli, ölüm aclığı aksiyası ilə əlaqədar
BƏYANATI
Çox hörmətli həmvətənlər!
Biz aksiya keçirən Masallı ziyalıları və ictimaiyyət nümayəndələri respublikada fəaliyyət göstərən insan hüquqları təşkilatları, ictimai xadimlərin, millət vəkili Elmira xanımın açıqlamalarındakı tövsiyyəsini, rayonun çoxsaylı ziyalıları və ağsaqqallarının, yaxınlarımızın, ailə üzvlərinin həyatımız üçün yaranan çox ciddi təhlükədən narahatlıqları ilə əlaqədar təkidli müraciətlərini, eyni zamanda keçirdiyimiz ölüm aclığı aksiyasının beynəlxalq, ölkə ictimaiyyətinə, ölkə rəhbərliyinə çatdırılması istiqamətində görülən işlərin qənaətedici olmasını nəzərə alaraq 02 aprel saat 10:00-dan aclıq aksiyasının dayandırılmasını məqsədə müvafiq olmasını əsas götürərək, tələblərimizin konstitusiyamızın verdiyi hüquqlardan yararlanaraq “ölüm aclığı” aksiyasını dayandırmaq qərarı verdik.
Eyni zamanda bizlərə aksiya zamanı hərtərəfli dəstək olan respublikamızın, rayonumuzun bütün ağsaqqallarına, ziyalılarına, gənclərinə, siyasi mğvqeyindən asılı olmayaraq siyasi və ictimai təşkilatlara xüsusi ilə aksiyanı obyektiv işıqlandıran müstəqil mətbuata, informasiya agentliklərinə, televiziya kanallarına, saytlara öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah haqq işinizdə həmişə dayaq və köməkçiniz olsun!
Bir Allah şahiddir ki, tələblərimizdə heç bir çirkin niyyət və məqsəd yoxdur. Kimlərinsə qarayaxmalarına baxmayaraq, həm beynəlxalq, ölkə ictimaiyyətinə, ölkə rəhbərliyinə bütün varlığımızla, vicdanımızla, şərəfimizlə, ləyaqətimizlə bəyan edirik ki, yeganə məqsədimiz və məramımız qanunsuzluğun, ədalətsizliyin, haqsızlığın aradan qaldırılmasından, yaşamımızı əsarətdə olan kimi hiss etməməkdən ibarətdir!
Bunlardan başqa heç bir amalımız və amacımız yoxdur!
Bizlərin tələblərindən, mübarizəsindən öz şəxsi maraqları, ambisiyaları, düşmənçilikləri, rəhbərlikdə mövqe qazanmaq üçün istifadə etməyə cəhd göstərmək istəyən, hansı ranqda olmalarından asılı olmayaraq dövlət məmurlarına üz tutaraq deyirik, bizim tələblərimizə, mübarizəmizə ləkə gətirməyin!
Sizlərin intiriqalarınızın bizlərə heç bir aidiyyatı yoxdur!
Allahınız, vicdanınız, şərəfiniz, ləyaqətiniz olsun. Ayıbdır!
Allah haqqın, ədalətin yanında olanlara kömək olsun!
1. Eynullayev Məmmədağa Bəndalı oğlu
2. İbadullayev Ramil Əlisahib oğlu
3. Zamanov Nadir Əliniyaz oğlu
4. Muradov İbrahim Salman oğlu
5. Kazımlı Yaqub Hüseyn oğlu
XuralTAC




