M.Zeynallı: “Əvəz Zeynallı nə “Vətən xainidir”, nə də rüşvətxor!..”

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına  ikinci dəfə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Cənab Prezident!

Minnətdarlığımı bildirirəm ki, Sizə son müraciətimdən sonra Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov istintaq zamanı qanunsuz olaraq müsadirə etdiyi texniki vasitələri geri qaytardı və həyat yoldaşım, müstəqil, tənqidçi jurnalist Əvəz Zeynallı ilə ailə görüşümüzün üzərinə qoyulan suni məhdudiyyət aradan qaldırıldı.

Baxmayaraq ki, bu gün də evimizdən müsadirə edilən və 5 nəfərlik ailə üzvünə məxsus– övladlarımızın təhsil haqqı, yataq xəstəsi və təqaüddə olan atamın müayinə xərcləri, maddi vəsaitlərimiz məhkəmənin saxta qərarı ilə geri qaytarılmır. Bundan əlavə Ə.Zeynallının adına olan bank kartları, jurnalist fəaliyyətimiz üçün lazım olan texniki avadanlıqlar hazırda Baş Prokurorluğun istintaq idarəsində heç bir qanuni əsas olmadan saxlanılır və özümüzə verilmir.

Xatırladım ki, Ə.Zeynallının tənqidçi media fəaliyyətinin qarşısını almaq üçün onun barəsində açılan sifarişli və saxta cinayət işinin (AR CM-nin 311.3.3, 311.3.4, 312-1) üzərinə ona əvvəlcədən elan edilmədən daha 6 maddə üzrə (AR CM-nin 178.2.1,178.2.3, 178.2.4, 32.4, 312.2.2, 311.3.2) itiham irəli sürülüb. Bu iş açılmamışdan əvvəl Əvəz Zeynallının tənqid hədəfində olan Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, hərbi prokuror Xanlar Vəliyev və onun qudası Prezidentin Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov və baş prokuror Kamran Əliyev, eləcə də sabiq baş prokuror Zakir Qaralov Əvəz Zeynallının susdurulması üçün məxsusi əməliyyat keçirmək üçün birləşərək, öz məkrli məqsədlərinə nail olublar.

Əvəz Zeynallı Azərbaycan mətbuatında 30 ildir öz imzası və dəsti-xətti olan jurnalistdir, inanıram ki, onun “cinayət” etməsi barədə Sizə yanlış məlumat verilib. Məqsəd onu susdurmaqdır!

Cənab Prezident!

İstintaqın aparıldığı 6 ay müddətində Baş Prokurorluğa çağırılan bütün insanlara Əvəz Zeynallıya qarşı yalan ifadə vermələri üçün təzyiq göstərilib. İnsanları ailə üzvləri haqqında cinayət işi açılacağı ilə təhdid ediblər. Lakin onlar bu aşağılıq hərəkəti üzərlərinə götürməkdən imtina ediblər. Tək bir nəfərdən başqa… Ə.Zeynallının 15 il vəkili olmuş Elçin Sadıqovu onun keçmişi və gələcək fəaliyyətilə təhdid edərək Əvəz Zeynallıya qarşı yalan ifadə verməsinə müvəffəq olublar.

İsdtintaq materiallarından da məlum olur ki, Ə.Zeynallıya qarşı istifadə olunan adamlar, yuxarıda adlarını çəkdiyim məmurların birbaşa kurasiyasında olan adamlardır və onlar öz “xidməti borc”larını həyata keçiriblər. Onların arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun işçilərinin də adlarını oxuyanda təəcübümüzü gizlədə bilmədik.

Yəni məsələ bu qədər qəlizləşdirilib.

Cənab Preident!

Ə.Zeynallıya qarşı qaldırılan cinayət işi artıq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə verilib. İlk hazırlıq iclasında Ə.Zeynallıya qarşı yalan və saxta ifadə vermək məqsədilə günahsız yerə həbs olunan Səda TV-nin əməkdaşı Elnur Şükurova qarşı zorakılıq edilməsilə bağlı həm özü və həm də vəkili məhkəməni məlumatlandırıb və bununla bağlı vəkillər vəsatət veriblər. Lakin hakim Əli Məmmədov vəsatətlərin heç birini qəbul etməyib.

Sirr deyil ki, məhkəmələrdə hakimlərin siyasi sifariş əsasında qərarlar qəbul etməsində Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun Məhkəmə Hüquq Şurasının üzvü olması da öz təsirini göstərir.

Bu gün Ə.Zeynallının məhkəməsi süni olaraq yubadılır və uzadılır. Ayda bir dəfə olmaqla keçirilən məhkəmə prosesi zamanı həm dövlət ittihamçısının, həm də hakimin özünü hegemon kimi aparması heç kimdə şübhə yaratmır ki, proses siyasi sifariş əsasında aparılacaq. Belə gedərsə, prosesin nəticəsi olaraq, hakimin Ə.Zeynallı ilə bağlı ən ağır hökm çıxaracağına əminik. Əgər Siz bu məsələyə müdaxilə etməsəniz…

Cənab Prezident!

Əvəz Zeynallı Ankara Dövlət Universitetinin hüquq fakultəsində təhsil aldığı dövrdə (Həmin illərdə Ankarada mərhum prezident Heydər Əliyevlə görüşüb və Azərbaycanda bir daha görüşmək ümidilə ayrılıblar. Sonradan bu görüşün qarşısı PA-nın İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov tərəfindən alınıb) və Azərbaycana qayıtdıqdan sonra da mətbuatda yer aldığı bütün dövrlərdə yalnız dövlət müstəqilliymiz naminə fəaliyyət göstərib. O məhz Sizin tövsiyyələrinizə güvənərək, ölkədə tənqidçi medianın bütün ağırlığını öz üzərinə götürüb. Onun tənqidçi media fəaliyyəti, ətrafınızdakı yüksək səlahiyyət sahibi olan bir çox “toxunulmazların” hədəfinə tuş gəlib. Onlar nəyin bahasına olursa-olsun, yalan, saxta ittihamlarla Əvəz Zeynallını susdurmağa müvəffəq olublar.

Cənab Prezident!

Ə.Zeynallı, eləcə də mən 30 ilə yaxındır ki, Azərbaycanda müstəqil mətbuatının inkişafı naminə çalışmışıq. Bizim üçün dövlətin maraqları bütün şəxsi maraqlarımızdan üstün olub. Bu gün də övladlarımız Türkiyədə təhsil alır, Azərbaycana xidmət üçün yetişdirilir. Biz “Vətən xaini” deyilik və heç bir siyasi iddiamız da yoxdur.

Ətrafınızda olan məmurların Ə.Zeynallı ilə bağlı hansı yalanları çatdırmaqlarından asılı omayaraq, Sizi əmin etmək istəyirəm ki, biz bu gün də Azərbaycana, Vətənimizə olan sədaqətimizi qoruyub saxlayırıq.

Yadınızdadırsa, 2011-ci ildə Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin siyasi sifarişi ilə həbs olunub, 9 il azadlıqdan məhrum ediləndə, Əvəz Zeynallı 3 il 2 aydan sonra – 2014-cü ilin dekabrda məhz Sizin əfv sərəncamınızla həbsdən azad edildi.  Əvəz Zeynallı hər dəfə məmurların hədəfində olanda Siz hər dəfə onların özbaşınalıqlarının qarşısını almısınız, onlara dövlətin gücünü göstərmisiniz.

Bu gün Azərbaycanın Prezidenti, dövlət başçısı olaraq bütün ümidim Sizədir. İnanıram ki, Siz Ə.Zeynallıya qarşı qurulan bu oyunun bütün qaydalarını pozacaq və onun azadlığa buraxılması üçün öz səlahiyyətlərinizdən bəhrələnəcəksiniz.

Hörmətlə, Məlahət Qisuri Zeynallı

Bakı şəhəri, 19 aprel 2023-cü il     “

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button