
Məhkəmə “Cəfəri Heyət”in rəhbəri Abgül Süleymanovu 11 il müddətinə həbs edib
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə “Cəfəri heyət” dini qruplaşmasının rəhbəri Abgül Süleymanovun 11 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.
Vəkil Anar Qasımov Turan agentliyinə məhkəmənin qərarını sifariş hesab etdiyini bildirib. “Məhkəmənin hökmünü ədalətin dəfni kimi qiymətləndirirəm”, – o qeyd edib.
A.Süleymanov 2011-ci il avqustun 11-də İsmayıllı rayonunun Lahıc kəndində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və adamları itaətsizliyə təhrik etməkdə ittiham edilib.
A. Süleymanov saxlanılan zaman üzərindən 23,7 qram həşiş aşkar edilərək götürülüb.




