Məhkəmə 'AbzasMedia işi' üzrə üç jurnalisti həbsdə saxladı

Mayın 9-da Bakının Xətai rayon Məhkəməsində “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və meclis.info onlayn platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə ayrıca baxılıb. Prosesə Fuad Axundov sədrlik edib.

Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.

Vəkillər bildiriblər ki, jurnalistləri həbsdə saxlamaq üçün maddi, prosessual əsaslar yoxdur və onlar siyasi motivlərlə həbs olunublar.

Məhkəmə qərarlarından apellyasiya instansiyasına şikayət veriləcək.

2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər Azərbaycanda “AbzasMedia işi” ilə əlaqəli səkkiz jurnalist və media əməkdaşı həbs olunub. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Ümumilikdə isə son aylar ölkədə qaçaqmalçılıq ittihamı ilə 20-yə qədər jurnalist, ictimai fəal həbs edilib. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda ümumilikdə 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button