Lukaşenka 'Vaqner' qiyamından sonra ilk dəfə Putinlə görüşür

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka “Vaqner” üsyanı və muzdluların Belarusda yerləşdirlməsindən sonra ilk dəfə Rusiyaya səfər edib.

Rəsmi məlumatlarda onun bazar günü Rusiya prezidenti Vladimir Putinlə təhlükəsizlik, beynəlxalq gündəlik, həmçinin “İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığı”nı müzakirə edəcəyi bildirilir.

Lukaşenkanın mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” teleqram kanalı onun Sankt-Peterburqa gəldiyini və hava limanında qarşılandığını, Putinlə görüşdüyünü əks etdirən foto və vidolar paylaşıb.

Məlumatlarda o da vurğulanır ki, Rusiyaya səfərdən əvvəl Lukaşenka Ümumbelarus Xalq Yığıncağına hərbi doktrinanı təsdiq etmək, respublikada fövqəladə, hərbi vəziyyət tətbiq etmək və həmçinin hərbi personalı ölkədən kənara göndərmək səlahiyyəti verib. (Ümumbelarus Xalq Məclisi Belarus hökumətinin və digər hakimiyyət orqanlarının nümayəndələrinin, müəssisə rəhbərlərinin və nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin ümumi yığıncağıdır)

O da xəbər verilir ki, iyulun 21-də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə Putin Minskə təcavüzü Moskvaya təcavüz hesab etdiyini bildirib.

Həmçinin elə həmin görüşdə Rusiya prezidenti Polşanı Belarusa və Ukraynaya ərazi iddialarında ittiham edib.

Lukaşenka rejimi Ukraynaya qarşı müharibə aparan Rusiyanın əsas müttəfiqlərindən biri hesab olunur.

Belarus Ukraynaya qoşun göndərməsə də Moskvaya genişmiqyaslı işğala başlamaq üçün öz ərazisindən istifadəyə icazə verib.

Bundan başqa Minsk Moskvaya nüvə silahlarını Belarusda yerləşdirməyə də icazə verib. Rusiya prezidenti artıq nüvə silahlarının Belarus ərazisində olduğunu deyib.

Bu məlumatları ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat departamenti də təsdiqləyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button