
Kuryerlər Bakıda yürüş keçirib
Sentyabrın 2-də “Wolt Azərbaycan” şirkəti ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq edən bəzi kuryerlər etiraz yürüşü keçirib.
Kuryerlər Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında toplaşaraq şəhərin mərkəzinə doğru yürüşə başlayıb.
Kuryerlər bildirib ki, şirkət onlara verilən xidmət haqqını azaldıb, bu səbəbdən də onlar boykota başlayıblar.
Yürüşdən öncə “Koroğlu” stansiyasının yaxınlığında yerləşən körpünün altında toplaşan kuryerlərin sözlərinə görə, hazırkı tariflərlə işləmək sərf etmir: “Əsas qiymət 1.5 manat olmaqla 500 metrə qədər heç bir ödəniş olunmur. 500 metrdən sonra hər 100 metr üçün 3 qəpik tarif hesablanır. Bu da nəticədə çox az edir. Çoxumuz ailəliyik, borclarımız var. Şirkətdən bizə bildiriblər ki, bütün dünyada kuryer xidmətləri məsafəni yerlə yox, hava ilə ölçürlər. Amma dünyanın heç bir yerində uzun məsafələrə xidmət haqqı 1.5 manat etmir”.
Kuryerlər deyirlər ki, dünən, sentyabrın 1-də başlanan kütləvi boykotdan sonra bir neçə nəfəri də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər: “Amma bizim tələblərimiz yerinə yetirilməyənə qədər biz işə çıxmayacağıq”.
Ərazidə olan polis əməkdaşları kuryerlərə bildiriblər ki, körpünün altında toplaşmaq olmaz və onlar oradan uzaqlaşmalıdırlar. Bundan sonra isə kuryerlər yürüşə başlayıb.
Onlar dünən, sentyabrın 1-də boykota başlayanda da qeyd etmişdilər ki, uzaq məsafəyə aparılan sifarişlərə görə əvvəlkindən 1 manat 30 qəpik az ödəniş edilir: “İndi 3 kilometrlik məsafəyə aparılan hər sifarişə görə təxminən 2.4 manat ödəyirlər. Əvvəl isə 3.7 manat ödəyirdilər. Bu da bizə heç cür sərf etmir”.
Aksiya və orada səslənən fikirlərlə bağlı, hələlik, nə “Wolt Azərbaycan” şirkəti, nə də Azərbaycan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olub.
Bu ilin aprelində də “Wolt Azərbaycan” şirkəti ilə əməkdaşlıq edən kuryerlər boykot aksiyası keçirmişdi. Onda da xidmət haqlarının azaldılması ilə bağlı şikayətlər səslənmişdi. Amma apreldə etirazdan sonra tariflərin əvvəlki üsulla ödənilməyə başlandığı bildirilmişdi.



